Haqqında

İnsanlara nur bəxş edən ləyaqət mücəssəməsi

Neçə illərdir nurlu insan Zərifə xanım Əliyeva aramızda yoxdur. Amma onun haqqında söylənən dəyərli fikirlər, bitib-tükənməyən şirin söhbətlər uzun müddət anılacaq, alimin xoş xatirəsi ehtiramla yad ediləcəkdir. Zərifə xanımın həyatını mənalandıran nə varsa - onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti - hamısı bu nəcib qadının ruhundan, nurundan şölələnmişdir.

Filosoflar əsrlər boyu Böyük İnsanların obrazının həyat qayəsini açmağa çalışmışlar və son nəticədə belə qənaətə gəlmişlər ki, başlıca tərbiyəvi faktor şəxsiyyətin formalaşdığı mühitdir. Zərifə xanım çox nəcib bir ailədə - ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Yüksək vətəndaşlıq ruhunun daşıyıcısı Əziz Əliyev haqqında qədirbilən insanlarımız çox oxuyub, çox eşidiblər. O, xalqı qarşısında ictimai borcunu dərindən dərk edərək ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyüdüb ərsəyə çatdırmışdır. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbülfəz Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül və başqa böyük şəxsiyyətlər ruhən bu ailənin yaxınları olublar. Geniş ensiklopedik biliyə malik Əziz Əliyev öz övladı Zərifə xanımı da belə yüksək mənəvi dəyərlər zəminində tərbiyə etmişdir.

Zərifə xanımın anası Leyli xanım ləyaqət təcəssümü idi. Həyat tərzinə görə çox sadə davranmağı sevən bu qadın qızlarına da həyatda təvazökar davranmaq mədəniyyəti aşılamışdır. Mərhum akademik M.Topçubaşov Əziz Əliyevi təkcə tibb xadimi deyil, "cəmiyyəti müalicə edən həkim" deyə çağırardı. Əziz Əliyev görkəmli dövlət xadimi idi. O, xalqının və Azərbaycanın inkişafı üçün çox iş görmüşdür. Direktor, rektor, Mərkəzi Komitə katibi - bütün bu vəzifələr Əziz Əliyev istedadının yalnız üzdə olan çalarlarıdır. O, bütün vəzifələrdə hər şeydən əvvəl insanlarla işləmək istedadını nümayiş etdirmişdir. Şəxsiyyətin xarakterini açıqlayan belə keyfiyyətlərin Zərifə xanımda da təzahürü onu tanıyanlar tərəfindən etiraf edilirdi.

Azərbaycanın əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı, akademik Zərifə Əliyeva görkəmli tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilmişdir. O, tibb elminə çoxprofilli tədqiqatçı, geniş elmi erudisiyaya malik oftalmoloq-alim kimi daxil olmuşdur. Neçə-neçə insanın gözünə nur gətirən Zərifə xanım öz sahəsi üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi. Akademikin bir çox monoqrafiyaları bu gün də oftalmoloqların və profpatoloqların stolüstü kitabına çevrilmişdir.

Geniş biliyə malik olması, peşəsinə hədsiz məhəbbəti və insanlara daim xeyirxahlıq hissi Zərifə xanımın ən ali məramı idi. Qəlbən təmiz, ruhən nəcib olan bu insan, sözün həqiqi mənasında, peşəsinin vurğunu olmuşdur.

Zərifə Əliyeva həkimlik etikasının nümayişçisi idi. Akademik bütün fəaliyyəti boyu pasiyentlə tibbi etika anlayışlarını dialektik vəhdətdə götürmüşdür. Bu dialektikanın nüvəsini bir həqiqət təşkil edirdi: insan sağlamlığı ictimai sərvətdir. İnsanların gözünə nur vermək isə bəşəri humanizmdir.

Zərifə xanımı yad edərkən tibbi etika üçün insan həyatının dəyərini dərk etməmək, həyat və insan məsələsinə toxunmamaq mümkün deyil. Didro yazırdı ki, yaxşı həyat tərzi qəlbin içindən gəlir. Lakin həyatın mürəkkəblikləri ilə romantizm çox zaman uyğun olmur. İnsan öz həyat tərzini düşünərkən cəmiyyətin bütün proseslərinin mahiyyətini irəlicədən ölçüb biçə bilmir. Deməli, istəsən də, istəməsən də, nəticəsindən asılı olmayaraq hər şey insanın hiss etmək və düşünmək qabiliyyətindən asılıdır. Bu mənada göstərmək olar ki, Zərifə xanımın şəxsiyyətinin mühüm etik mənası onun öz yaradıcılığına yüksək intellektual səviyyədə yanaşmasında, fəal mövqe seçə bilməsində olmuşdur. Onun nəzərincə, fəaliyyət elə bir fundamental və universal həyat meyarıdır ki, bunun sayəsində o, həmişə uğur qazanmış, sözün əsl mənasında, peşəkar həkim olmuşdur.

Zərifə xanım Əliyeva görkəmli övladlar tərbiyə etmişdir. Onun şəxsiyyətinə dərindən ehtiram edən yaxınları söyləyirlər ki, Zərifə xanım övladlarına çox bağlı, onların tərbiyəsi üçün bütün enerjisini sərf edən valideyn olmuşdur. O, çox fədakar ana idi.

Zərifə Əliyeva geniş dünyagörüşə malik şəxsiyyət idi. Düşünən insan həmişə kamilliyə can atır. Düşüncə kamilliyi isə, bir qayda olaraq, əxlaqla peşə dünyagörüşünün dailektik vəhdətindən yaranır. Təbabətdə əxlaqla tibbi dünyagörüşünün vəhdəti həmişə yüksək professionallığın təminatçısı kimi çıxış edir. Zərifə xanımın yüksək intellektual mövqeyini şərtləndirən mühüm amil o idi ki, bu nəcib insan daim tibbi praktikada əxlaqi meyarlara böyük üstünlük vermişdir. Akademik sağlamlığı insanın həyat fəaliyyətinin dinamik atributu hesab etmiş, bəşəriyyəti bu gün dərindən düşünməyə vadar edən keyfiyyət əlaməti kimi nəzərdən keçirmişdir.

Zərifə xanım öz həmkarlarına da həmişə tövsiyə edirdi ki, insana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq həm də onu özünə qaytaran əsl humanist xidmətdir. Bu, Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi idi - insanı sağaltmaqla onu öz məninə qaytarmaq. Bu baxımdan yüksək peşəkarlığı ilə həmkarları arasında seçilən Zərifə xanım xüsusilə gənclərə təlqin edirdi ki, əxlaqi-tibbi düşüncə "sənətini" dərk etmək üçün ilk növbədə sağlam mənəvi-intellektual mühit, bütün tibb ictimaiyyətinin mənəvi-əxlaqi meyarlara yiyələnməsi tələb olunur. Həkimin başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmaq, onun şəxsiyyətinə dərin ehtiram göstərməkdir. Həkim öz peşəsini həyata keçirərkən müalicədən əvvəl xəstənin xarakterini öyrənmək kimi mürəkkəb psixoloji prosesdə olur. Təbabət aləmində belə fəaliyyət elmi-tədqiqat işinə bərabər tutulur.

Bütün bu etik-fəlsəfi meyarlara hörmətlə yanaşdığı üçün akademik Zərifə Əliyeva yüksək etik-davranış təcəssümü olmuşdur. Tanınmış həkim A.P.Nesterov deyirdi ki, Zərifə xanım çox ağıllı insan və böyük peşəkar həkim idi. O yazır: "Mən onu öz sahəsinin böyük alimi sayıram: həm oftalmologiya, xüsusilə peşəkar oftalmologiya sahəsində. Oftalmologiya sahəsində o, bir nömrəli alim idi". Bu, həqiqətən də belə idi. Peşəkarlıq zirvəsinə Zərifə xanım ona görə yüksələ bilmişdi ki, həkim olmaq, insana tibbi yardım göstərmək məsuliyyətinin əxlaqi-fəlsəfi mahiyyətini bütünlüklə dərk etmiş, bunu tam dünyagörüşü dəyərinə çevirə bilmişdi. Məlumdur ki, belə bir peşə amalı hər kəsə müyəssər olmur. Təsadüfi deyildir ki, Hippokratın nəsillərə miras qoyub getdiyi əsərlərdən biri "Gözəl davranış haqqında" adlanır. Həkimlik sənətini insana sevgi əxlaqından ayırmayan Hippokrat demişdir: "İnsana sevgi olan yerdə sənətə də məhəbbət var". Zərifə xanım bütün peşəkar həkimlik fəaliyyəti boyu əsrlərin əxlaqi sınağından çıxmış bu ülvi həqiqətə xidmət göstərmiş, nümunəvi həkim-xəstə münasibətlərini gənclərə yadigar qoyub getmişdir. O, həmişə belə bir əxlaqi prinsipdən çıxış edirdi ki, xəstəliyi müalicə etmək hələ son məqsəd deyildir, hər şeydən əvvəl həkimin başlıca qayəsi xəstəni şəxsiyyət kimi həyata qaytarmaqdır. Ona görə də Zərifə xanım xəstəsinə biganə yanaşıb öz maraqlarının ardınca gedən "həkimləri" bu peşədən tamamilə uzaq insanlar, qeyri-peşəkarlar adlandırmışdı. Çünki belələri xəstəyə kədər və iztirabdan başqa heç bir şey vəd edə bilməzlər.

Zərifə Əliyeva tibb elmini etik idrak sahəsi hesab etmiş, onların dialektik məcrada təzahürünü humanizmin təntənəsi kimi qiymətləndirmişdir. Əgər humanist prinsiplərə əsaslanıb sağlam insanlar yetişdiririksə, deməli, bu amil həm təbabətin, həm də cəmiyyətin mənəvi sağlamlığının göstəricisidir. İnsana qayğı, xüsusilə xəstəyə ehtiram həkimdən yanğı istəyir - həqiqi söz yanğısı. Bu yanğını isə həkim öz davranışında nümayiş etdirməlidir. Xəstə bunda sanki bir məlhəm görür, toxtaqlıq hiss edir.

Zərifə xanımı yaşadan daha bir həyati dəyər var - böyük məhəbbətə sədaqət. Akademik P.Əzizbəyova bu nurlu insan haqqında xatirəsində çox maraqlı, ibrətamiz bir epizodu qeyd edir: "S.Sveyqin "Naməlum qadının məktubu" əsərini təzəcə oxuduğumuz vaxtlar idi. Kislovodskdakı həmin parkda söhbətləşirdik. Ona məni çox narahat edən bir sual verdim: sən necə, belə dəlicəsinə sevə bilərdinmi? Hər şeyi sevdiyin adama qurban verə, özünü tamamilə ona həsr edə bilərsənmi? Zərifə xeyli susub fikirləşəndən sonra dedi: "Əgər mən qəlbimi kiməsə versəm - dəxli yoxdur, bu sevgi ağır olsun, ya da mənə sevinc bəxş etsin - bircə şeyi bilirəm ki, eşqimi bütün ömrüm boyu ürəyimdə daşıyacağam".

Ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım haqqında söylədikləri xatirələr gənclərimiz üçün mənəvi paklıq nümunəsidir. Bir epizodu xatırlamaq yerinə düşərdi: Zərifə xanımın qəbirüstü heykəlinin açılışı günü ulu öndər Heydər Əliyevin heykəlin qarşısında duyğulandığını görəndə belə sevginin saflığı, ailə paklığı qəlbləri həyəcanlandırmaya bilməzdi.

Zərifə Əliyeva insanlara xoş əməlləri ilə lazım olan mənalı həyat yaşayıb. Bu sözləri dahi Səməd Vurğun sanki Zərifə xanım barədə deyib: "Mən sadəcə istəyirəm ki, hər şey bizdə iz qoysun, istəyirəm ki, yüz yaşa qədər yaşaya bilməyənlər bir gününü on il kimi yaşasınlar". Zərifə xanımın insanlara nur bəxş edən hər mənalı günü xoş əməl naminə sərf olunmuşdur.

V. ABDULLAYEV,
siyasi elmlər doktoru