Haqqında

Yanaşı yollar və yaxud portret cizgiləri

Mən Zərifə Əliyeva ilə on il əvvəl – Bakı Hava Hücumlarından Müdafiə dairəsinin oftalmologiya xidmətinə başçılıq elədiyim vaxtlar tanış olmuşdum. O zaman o, istehsalat travmatizmi problemləri ilə məşğul idi və hərbiçilər arasında yanıqların profilaktikasının təşkili ilə əlaqədar bəzi məsələlərlə maraqlanırdı. Mən bilirdim ki, Z.Əliyeva göz travmatizmi probleminə dərindən bələddir və inanmırdım ki, nə iləsə ona kömək edə biləm. İndi görün bir neçə rəngli foto-slaydı göstərəndən sonra onun: “Əladır! Gərək bütün bunları kafedrada nümayiş etdirək” nidasını eşidəndə mən necə həyəcanlandım. Sonra o, üzrxahlıq edərək, tələm-tələsik, yanıltmac deyirmiş kimi soruşdu: “Siz bu slaydları bizə hədiyyə etməzsiniz ki? Sizdə bunların nüsxələri varmı?” Əlbəttə, mən məmnuniyyətlə həmin slaydları və tərtib etdiyimiz “Göz yanıqlarının profilaktikasına dair metodik göstərişlər”i ona bağışladım. Onun elmi tədqiqatlarının şöhrətini əvvəllər çox eşitdiyimdən Zərifə xanımla tanışlığıma xeyli şad oldum.

O vaxt hər ikimiz elmlər namizədi idik. Sonra, az qala eyni vaxtda tibb elmləri doktoru diplomu aldıq. Tezliklə Z.Əliyeva professor oldu və nəhayət, Azərbaycan EA-nın həqiqi üzvü seçildi. Qəribəsi və bəlkə də həqiqi alim üçün qanunauyğun hal budur ki, o, elmin ən yüksək zirvələrini fəth edəndən sonra da öz həmkarlarına yuxarıdan aşağı baxmağı özünə rəva bilmədi. Hələ xəstələri demirəm. Zərifə xanım elmin Olimpinə gedən yolda əvvəllər olduğu kimi sadə, təvazökar, qayğıkeş və xeyirxah idi. Burada, ilk növbədə, onun öz valideynlərindən aldığı tərbiyə, yüksək mədəniyyət və ziyalılıq keyfiyyətləri böyük rol oynayırdı. Bu baxımdan Azərbaycanın xHaqqındaalq yazıçısı İmran Qasımovun Zərifə xanımın atası, görkəmli ictimai xadim Əziz Məmmədkərim oğlu Əliyev barədə dedikləri yada düşür. O bir ata, tibb elmləri doktoru, professor kimi “böyük qızına bu və ya digər tibbi müəssisənin mahiyyətini başa salmaqda kömək eləyə bilərdi, ancaq onun fəaliyyətini himayəyə ala bilməzdi. Bu mənada onun övladları həmin yolu (onlar böyük uğurlar qazanmışdılar) müstəqil keçmişdilər. Və onların yüksəlişi də öz zəhmətsevərliklərinin, şəxsi təşəbbüskarlıqlarının və istedadlarının məhsulu idi.”

Zərifə xanım da təbabət sahəsini özünə sənət seçəndən bu xarakteristikanı bütün ömrü boyu, adi həkim-ordinatordan akademikliyə qədər uzanan ağır və şərəfli yolda daim doğrultmuşdu. Bir xüsusiyyəti həmişə dəyişməz qalmışdı: heç zaman, heç bir yerdə şəxsiyyətini gözə soxmazdı. Mən bu barədə ona görə belə qəti əminliklə danışıram ki, Zərifə xanımı həm həmkarlarının dar çərçivəsində, həm xəstələr arasında, həm konfranslarda, plenumlarda, göz həkimlərinin qurultaylarında rəsmi şəraitdə dəfələrlə müşahidə etmək imkanım olub. O, nəinki məni, bütün müraciət edənləri gülərüzlə dinləyib, yola salıb. Mənə təsir eləyən o idi ki, Zərifə xanım insanları yalnız dinləməklə qalmırdı, həm də onları eşitməyi bacarırdı. Nadir insanlara xas olan bu keyfiyyət də Zərifə xanıma atasından keçmişdi. Məşhur artist Həmid Rüstəmovun dediyinə görə, Əziz Məmmədkərim oğlu “heç vaxt özünü gözə soxmazdı, başqalarında təəssürat yaratmağa meyl etməzdi. Belə şeylər ona yad idi, o, bunları özünün yüksək mənəvi prinsiplərinə yaraşdırmırdı.”

Filosoflardan hansısa deyib: “İnsanın xarakteri onun taleyini müəyyənləşdirir”. Zərifə Əliyevanın taleyindən gileylənməyə haqqı yox idi. Çünki onun xarakteri də heyrətamiz idi. Onu yüksək vətəndaşlıq və peşəkar prinsipiallıq səciyyələndirirdi. İstər söhbətlərində, istərsə də məqalələrində – həmişə həkim və oftalmoloq düşüncəsinin təmizliyindən danışır, təəssübkeşliklə bu yolu müdafiə edirdi. O dönə-dönə bildirirdi ki, elmi-texniki tərəqqi dövründə həkimlərin mənəvi-əxlaqi keyfiyyətləri nəinki aşağı düşməməli, əksinə, daha da artmalıdır. Hər cür mənəviyyatsızlıq, ruhi eybəcərlik ona yabançı idi, belə hallar Zərifə xanımın gözünün düşməni idi.

Respublika oftalmoloqlarının elmi cəmiyyətində iclaslardan biri indiki kimi yadımdadır. Bir həmkarımızın işini müzakirə edirdik – həmin adam özünü hər cür reklam etmiş, lakin çox zaman xəstələrə ziyan vurmuşdu. Bir çoxlarının qızğın və ədalətli çıxışlarından sonra iclasda əhval-ruhiyyə coşmuşdu. Onda Zərifə xanım söz aldı. Çıxışına belə başladı ki, bütün sənət sahələrində yüksək etik-əxlaqi tələblərə əməl olunmalıdır. Ancaq həkimlik elə bir işdir ki, burada ümumi tələblərlə yanaşı, xüsusi keyfiyyətlər də zəruri sayılır. Həkim şərəfi, həkim vicdanı, təvazökarlıq və təmənnasızlıq kimi kateqoriyalar təbabətdə olduqca mühüm yer tutur. Bu baxımdan Zərifə xanım həmin həmkarımızın ümumi işə ziyan vuran əməllərini sərt, kəskin tənqidə məruz qoydu. Bundan sonra iclasda amansız hökmlər daha gur səslə eşidilməyə başladı. İşi belə görəndə Zərifə xanım sözünə ara verdi, gülümsər çöhrəsindən sanki zala nur səpərək, çıxışının tonun dəyişdi. Və bildirdi ki, işinin belə bir nüfuzlu məclisdə müzakirəyə qoyulmasının həmin həmkarımız tərəfindən ciddi nəzərə alınacağına əmindir. Elə buna görə də o, müzakirələrin bununla da kəsilməsini təklif edir və inanır ki, əlavə tədbirlərə ehtiyac qalmayacaq. Deməliyəm ki, Zərifə xanımın yüksək prinsipiallığı çox zaman belə xeyirxahlığıyla çulğaşırdı.

Başqa bir hadisə də yadımdadır. Bir dəfə həyat yoldaşımla məni məşhur dramaturq və şair A.Safronovun “Ürək əməliyyatı” pyesinin ilk tamaşasına dəvət etmişdilər. Həydər Əliyev, Zərifə xanım və pyesin müəllifi də tamaşaya baxmağa gəlmişdi. Bizim Rus Dram Teatrının aktyorları onların qarşısında əsl möcüzə yaratdılar. Onlar xüsusi ruh yüksəkliyi göstərdilər. Öz bənzərsiz oyunları ilə həkimlərin gündəlik həyatından peşəkar və ümumbəşəri şücaət göstərmiş görkəmli cərrahlardan birinin fəaliyyətinin faciəvi taleyini inandırıcı bir tərzdə işıqlandıra bildilər. Həmin cərrah öz həyatı bahasına xəstəsini ölümdən xilas etmişdi. Biz səhnədə baş verənlərə Zərifə xanımın canlı, birbaşa reaksiyasını yaxından izləyə bilirdik. Fasilə zamanı isə tamaşa haqqında onun xoş rəyini eşitdik. Etiraf etdi ki, artistlərin oyunundan gözləri yaşarıb. Zərifə xanımda belə qeyri-adi emosionallıq vardı.

O, həm də son dərəcə dəqiq və məsuliyyətli bir insan idi. Mən artıq buna adət etmişdim. Lakin bir dəfə qəsdən tələsdim və təyin edilmiş vaxtdan 10-15 dəqiqə tez Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının yerləşdiyi dördüncü klinik xəstəxanaya gəldim. Tələsmədən kifayət qədər dik pilləkənləri qalxmağa başladım. Üçüncü mərtəbədə Zərifə xanımı görəndə təəccübümdən özümü saxlaya bilmədim. Özümü ona çatdırdım. Zərifə xanım mənimlə salamlaşdıqdan sonra qəflətən soruşdu: “Nədir? Vaxt çatıb ki?” Deməli vədələşdiyimiz vaxt Zərifə xanımın yadında idi. Şöbəyə gələn kimi tapşırdı ki, bizi narahat etməsinlər. Məni kabinetində, yazı stolu arxasında deyil, çox səmimi bir şəraitdə ordinator otağında qəbul etdi. Biz gözlərin mikrotravmatizminə dair birgə monoqrafiyamızın planını müzakirə edirdik. Çox təəssüf ki, bu arzumuz həyata keçmədi. Bir dəfə mən Z.Əliyevanın qardaşı, Azərbaycan Dövlət Tibb İnstitutunun terapiya kafedrasının müdiri Tamerlan müəllimlə görüşə gedirdim. Elə həmin gün pilləkənlə yuxarı qalxanda birdən mənə elə gəldi ki, bu dəqiqə Zərifə xanımı görəcəyəm. O da adəti üzrə üzünü çevirib gülərüzlə soruşacaq: “Nədir? Vaxt çatıb ki?” Bəli, zaman amansız və rəhmsizdir. Təsəvvür etmək çətindir ki, Z.Ə.Əliyeva bizim aramızda yoxdur. Lakin o, özündən sonra yalnız təkcə xoş xatirə qoyub getməmişdir. O, oftalmoloqlara və yaxın ixtisas həkimlərinə öz nəhəng yaradıcı əməyinin bəhrələrini bəxş etmişdir.

Əsl alim həmişə zəhmətsevər olur. Z.Ə.Əliyevanın müstəqil və müştərək yazdığı kitablar, metodik vəsaitlər, məqalələr qarşımdadır. Bunlar yazı masama güc-bəla ilə yerləşir. Bir çox kitabların ilk səhifələrində onun avtoqrafları var. Bu əsərlərin hər birinin arxasında nə qədər düşüncələr, elmi tapıntılar dayanır. Elmi maraqlar nə qədər geniş olarmış... Burada nələr yoxdur? Oftalmoloji aspektdə istehsal problemlərinin həlli, çox təhlükəli göz xəstəliyi olan qlaukomanın diaqnostikası sirlərinə dərindən nüfuzetmə, diabet retinopatiyası kimi ağır mərəzə düçar olmuş xəstələrə müasir biliklər səviyyəsində kömək göstərmək cəhdləri, öyrənilməmiş bir məsələyə - qövs örtüyünün vəziyyətinə görə göz xəstəliklərinin müəyyənləşdirilməsinin perspektiv metoduna dair kitabın müştərək müəllifliyi...

Oftalmoloqların elmi cəmiyyəti idarə heyətinin Bakıda keçirilən 7-ci plenumun iclaslarını xatırlayarkən qəlbimi xüsusi qürur hissi bürüyür. Plenum 1977-ci ilin oktyabrında, Bakının gözəl payız çağlarında keçirilirdi. Azərbaycan Göz Xəstəlikləri ETİ-nin yubiley konfransı ilə eyni vaxta düşmüşdü. İlk dəfə idi ki, bizim şəhərimizdə oftalmoloqların bu cür yüksək, mötəbər forumu keçirilirdi. Z.Ə.Əliyeva həm də plenumun təşkilində iştirak etmişdi. Hər şey hazır idi, təkcə təşkilati xarakterli çoxlu problem həll olunmalıydı. Bunların hamısı çox yüksək səviyyədə həllini tapdı. Respublikalardan, Moskvadan, Leninqraddan dəvət olunmuş görkəmli qonaqlar öz çıxışlarında və fasilələrdə bu barədə danışırdılar. Fasilələrdən birində respublika EA-nın fonunda plenum iştirakçılarının çəkdirdikləri böyük fotoşəklə baxıram. Onların sayı yüzə yaxındır. Bu adların özü nəyə desən dəyər: Oftalmoloqlar Cəmiyyətinin sədri, Beynəlxalq Oftalmoloqlar Akademiyasının həqiqi üzvü Eduard Sergeyeviç Avetisov, Helmqolts adına Moskva ETİ-nin direktoru Kseniya Vasilyevna Trutnyova, baş hərbi oftalmoloq Veniamin Vasilyeviç Volkov və bir çox başqa məşhur alimlər. Onların lap ortasında isə həmişəcavan, cazibədar, gülümsər Zərifə Əliyeva dayanıb.

O, plenumda kimya istehsalı şəraitində görmə orqanının peşə xəstəlikləri və onların profilaktika tədbirləri haqqında böyük və maraqlı bir məruzə ilə çıxış etdi. Dünyada ilk dəfə olaraq, Bakıda sənaye oftalmologiyasının problem laboratoriyasının təşkili barədə plenumun misli görünməmiş qərarı bu məruzənin nəticələrindən biri oldu. Həmin mühüm qərar oxunarkən Zərifə xanımın çöhrəsi necə də nur saçırdı. Göz xəstəlikləri kafedrası kimi bu laboratoriya da onun sanki doğma balası idi və Zərifə xanım ömrünün son günlərinədək həmin laboratoriyaya rəhbərlik etmişdi.

Nisbətən qısa müddət ərzində Z.Ə.Əliyeva tibb elmi dairələrində geniş şöhrət qazanmışdı. Adama elə gəlirdi ki, bu, artıq zirvədir. İndi daha sakitləşib istirahət etmək olar. Yox. O, əvvəlki kimi yenə də ideyalar, planlarla yaşayırdı. Həmişə elmi tədqiqatlara hərisliyi və gələcəyə baxmaq qabiliyyəti ilə seçilirdi. O, bununla nəfəs alırdı.

Mən yaxşı dərk edirəm ki, Zərifə xanım elmi, pedaqoji və müalicə fəaliyyətində bir çox görkəmli şəxsiyyətlərlə təmasda olmuşdur. Onların bəziləri bu kitabda öz xatirələrini bölüşürdülər. Bu xatirələr Z.Ə.Əliyevanın yaxın adamları, əməkdaşları, tələbələri üçün xüsusi əhəmiyyət kəsb edir. Mən qarşıma daha kiçik vəzifə qoymuşam: misilsiz alim və gözəl insan Zərifə xanımın portretinin yalnız ayrı-ayrı ştrixlərini çatdırmaq vəzifəsini. İstərdim ki, onun haqqında xatirələrimi Moskva Akademik Teatrının vaxtilə aparıcı aktyorlarından biri olan Boris Petkerin öz görkəmli teatr həmkarlarına ünvanladığı sözlərlə bitirim: “Qəlbində əbədi yaradıcılıq ocağı alovlanan adamlarla yanaşı ömür yolu keçmək nə böyük səadətdir”.


B.İ.VAYNŞTEYN,
tibb elmləri doktoru, tibb xidməti polkovniki