Haqqında

Qəlbin açıq qapıları

Azərbaycan ziyalılarına, elmi ictimaiyyətimizə ağır itki üz vermişdir. Görkəmli oftalmoloq dünyasını vaxtsız dəyişmişdir və biz hələ uzun müddət bu itginin altını çəkəcəyik. Elə bil dünən idi, oftalmoloqlar cəmiyyətinin iclasında biz akademik Averbax mükafatının laureatı adına layiq görüldüyü üçün Zərifə xanımı təbrik edirdik, belə hallarda həmişə olduğu kimi, ona uzun ömür, can sağlığı, könül xoşluğu və yaradıcılıq fəaliyyətində yeni-­yeni uğurlar arzulayırdıq. Sevimlimiz Zərifə xanımsa özünə məxsus təvazökarlıqla bizə minnətdarlığını bildirirdi. O vaxt heç ağlımıza belə gəlməzdi ki, bu, bizim onunla vida görüşümüzdür, tezliklə o, bizi tərk edəcək.

Onu xatırlamaq məndən ötrü daha ağırdır, axı, bizim onunla otuz illik dostluq və rəfiqəlik tarixçəmiz var.

Elmi əməkdaşlığımızın bir yerdə keçən son 15 ilində biz bir-birimizə daha artıq bağlanmışdıq. Məni ona pərəstiş etməyə sövq eləyən cəhətlər hansılardı? Yüksək mədəniyyəti, zərif qəlbi, elmə sədaqəti və insanlar qarşısında yüksək məsuliyyəti. Mən onun ağlının çevikliyinə, geniş elmi dünyagörüşünə, hər dəfə yenidən valeh olurdum. Zərifə xanım əmin idi ki, təbabət yalnız onun dərinliklərinə dalanlar üçün açıldıqca açılır, üzdən isə heç nəyi götürə bilməzsən, nə qədər cəsur və istedadlı olsan da, elm sənə öz sirrini verməyəcək. Gərək gərgin işləyəsən, yorulmaq bilmədən, gecə-gündüz çalışasan, illərlə oxuyasan, yeni-yeni tədqiqatlardan xəbərdar olasan. Yalnız o vaxt elm öz niqabını yerə atıb, ilahi çöhrəsini təbibin qarşısında göstərər və sən elmin ən yüksək zirvələrini fəth edə bilərsən. Zərifə xanım bunu bildiyindən qollarını çırmayıb işləməkdən usanmırdı, doktorluq dissertasiyasını bitirib, parlaq bir şəkildə müdafiə eləyəndən sonra da bir çox elmi əsərlər və monoqrafiyalar çap etdirmişdi. Və bütün bunlar mahiyyətcə elmdə yeni söz idi. Z.Əliyevanın doktorluq dissertasiyasının müəyyən bir qismi çox mürəkkəb və o zaman bizim az bildiyimiz müasir morfohistokimyəvi tədqiqat metodu ilə sıx əlaqəli idi. Klinikalarda işlədiyi vaxtlardan özündə tərbiyə etdiyi inadkarlıq və səbrlə qısa bir müddətdə oturub, həmin tədqiqat metodunun bütün açarlarını tapdı və ona yiyələndi. Bununla da o, ortaya gözün patoloji anatomiyasının öyrənilməsi üzrə nəhəng, mən deyərdim ki, titanik bir iş qoymuş oldu. Onun tədqiqat işləri məsələlərin dəqiq qoyuluşu və hərtərəfli icrası ilə, təhlil edilən faktların tam elmi izahı ilə fərqlənirdi.

Araşdırma fəaliyyətinin yekunu kimi Zərifə xanım bu gün hər bir oftalmoloqun stolüstü kitabına çevrilmiş iki nadir monoqrafiya yaratmışdır. Gözün peşə patologiyasına dair bu möhtəşəm əsərlər morfoloji tədqiqatlarla zəngindir. O, elmin bu sahəsindən başqa, sənayedə işlədilən müxtəlif zəhərlərdən yaranan göz xəstəliklərinin mahiyyətinin aşkarlanmasında, etimologiyanın şifrinin açılıb göstərilməsində mühüm nəticələr əldə etmişdi. Bakı şəhərinin şin və yod istehsalı müəssisələrində peşələrlə əlaqədar göz xəstəliklərinə həsr etdiyi monoqrafiyalar bu cəhətdən xüsusi qeyd olunmalıdır. Hər dəfə xəstənin qəlbinə yol tapmağı bacarırdı, özünə etimad qazanmağın öhdəsindən gəlirdi. Yadımdadır. Zərifə xanım xəstələrin hansı ilə bu və ya başqa bir xəstəliyin profilaktikasına, müalicəsinə dair söhbət aparırdısa, o biri xəstələr də onun başına toplaşar, maraqla söhbətinə qulaq asardılar. Onların üzlərinə baxanda görmək çətin deyildi ki, Zərifə xanım bu adamları çəkdikləri əziyyətləri unutmağa, onların narahatlığını qovmağa, bu adamların ürəklərində sağalacaqlarına ümid işığı oyat­mağa müvəffəq olur. İnandırmaq bacarığı, təlqin gücü az-az insanlara nəsib olur. Zərifə xanımda bu qüvvə vardı, o, ən böhranlı anlarda belə sənə təlqin edə bilirdi ki, hər şey yaxşı olacaq, sağalacaqsan, işlərin düzələcək. Mən bunu öz üzərimdə də sınaqdan keçirmişdim. Zərifə xanım məni qəlbən sevir və səhhətimdəki xırda nasazlıqları belə ağrıyla qarşılayırdı. Yadımdadır, bir dəfə bir neçə saatlıq tibbi əməliyyat keçirməliydim. Bundan ötrü təcrübəli həkim və texniki cəhətdən yüksək təchizata malik klinika lazım idi. Üstəlik, mənim yaşım yarıdan keçmiş, orqanizmim xəstəlikdən zəifləmişdi. Cərrahiyə əməliyyatından əvvəl Zərifə xanım mənə zəng vurdu. Dedi ki, hələ burun sallamalı bir şey yoxdur, bu boş bir əməliyyatdır, hətta ambulator şəraitdə də keçirmək olar. Özü də elə səmimiyyətlə danışdı ki, məni əməlli-başlı sakitləşdirdi. Mən ona inanaraq əməliyyat stoluna arxayın uzandım və qalxdım. Günü bu gün də əminəm ki, onun mənə təlqin etdiyi nikbinlik olmasaydı, bəlkə də o əməliyyatdan sağ çıxa bilməzdim. Başlıcası bu idi ki, o, məni inandıra bilmişdi!

O, öz sadəliyi və insanlarla ünsiyyətdə dərin səmimiyyəti ilə hamını heyran qoyurdu. Onun insana bəslədiyi hörmət adilik hədlərini keçirdi. İnsansevərlik, bəşərilik sanki bu adamın bütün qanına hopmuşdu. Çox zaman müxtəlif adamlar onun üstünə xahişə gəlirdilər. Zərifə xanım hamını səbrlə, təmkinlə dinləyər, əgər cüzi də olsa, kömək etmək mümkündürsə, heç kəsi ümidsiz qaytarmazdı. Bizdə bir tənha sanitar qadın işləyirdi, qonşuları tez-­tez onu incidirdilər. Zərifə xanım həmin adamları yanına dəvət etdi, onları mədəni şəkildə başa saldı ki, kimsəsiz, qoca qadını incitmək günahdır. O qarının Zərifə xanıma necə minnətdarlıq etdiyinə mən canlı şahidəm. Birdən-­birə özünə qahmar tapmış bu zəif qarı yenidən özünü insan saymağa başlayırdı. Mən bu misalı ona görə gətirirəm ki, oxucu Zərifə xanımın qayğıkeşliyinin, xeyirxahlığının, humanistliyinin miqyaslarını təsəvvüründə canlandıra bilsin. O, ətrafındakı insanların qayğısına qalmaqdan doymurdu, bizim ehtiyaclarımızı, problemlərimizi bizdən yaxşı bilirdi. Hər görüşəndə ilk əvvəl mənim sifətimə diqqətlə nəzər salar, mütləq özümü necə hiss etdiyimi soruşardı, evdəki vəziyyətlə maraqlanar, yalnız bundan sonra işlə bağlı elmi söhbətlərə keçərdi.

O, həmişə tələsirdi. Sanki taleyin ona ömür payı ayıranda xəsislik etdiyini bilir və daha çox iş görmək üçün ləngimək istəmirdi. İstər elm sahəsində, istərsə də təcrübi həkimlikdə zirvələr fəth etmişdi. Zərifə xanım gözəl pedaqoq-tərbiyəçi idi, bilik və təcrübəsini dinləyiciləri ilə səxavətlə bölüşərdi. Onun peşə xəstəliklərinə həsr edilən mühazirələri xüsusilə məzmunlu idi, Zərifə xanım bu mühazirələrə çoxlu əyani vəsait gətirərdi. Qüdrətli oftalmoloq alimə və parlaq şəxsiyyətli cazibədar insana xas olan cəhətlər onun simasında harmonik şəkildə cəmləşmişdi: prinsipiallıq, şəxsi sadəlik, böyük mədəniyyət, qəlbən xeyirxahlıq və könül açıqlığı. Kabinetinin qapısı ondan məsləhət və müdrik tövsiyələr almaq istəyənlərin hər biri üçün həmişə açıq idi. O, bildiklərini heç kimdən əsirgəmirdi.

Yüksək dünyagörüşlü mütəxəssis, dərin tədqiqatçı, maraqlı insan, ağıllı müsahib kimi, incə yumoru və hədsiz ziyalılığı ilə həkk olunub yaddaşıma Zərifə xanım. Onun vicdanı saf və büllur idi. Əyninə gənc yaşlarından geydiyi ağ xalat ömrünün sonlarına qədər tərtəmiz qaldı, zərrəcə ləkələnmədi. O, xalqı və xəstələri qarşısında borcunu müqəddəs bildiyindən təbabət elminə uzun illər təmənnasız xidmət etdi, elə buna görə də gənc nəslə mənsub oftalmoloqların idealına çevrildi ...


P.S.MƏLİKASLANOVA,
tibb elmləri doktoru, professor