Haqqında

Zəriflik və böyük qüdrət

Rəhmətlik atam – Azərbaycan Tibb İnstitutunun hospital cərrahiyyəsi kafedrasının müdiri və Azərbaycan Elmlər Akademiyasının prezidenti Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımovla respublikanın səhiyyə naziri Əziz Məmmədkərim oğlu Əliyevi qədimi və uzun dostluq münasibətləri birləşdirdiyini yaxşı bildiyimdən Əliyevlər ailəsinə əvvəldən də həmişə dərin hörmət və rəğbətlə yanaşırdım. Biz ailəlikcə Zərifə xanıma sidq-ürəkdən, hərarətli bir münasibət bəsləyirdik. Ancaq işgüzar və məsləhət xarakterli əlaqələrimiz artıb genişləndikcə mənim ona hörmətim get-gedə artır, ona görə qürur hissi duyur, onunla fəxr edirdim. Onun özünə, başqalarına, xidməti vəzifəsinə bəslədiyi saf, tərtəmiz münasibət, nadir insani məziyyətləri, istənilən mürəkkəb vəziyyətlərdə düzgün nəticələr çıxarmağa, hər hansı informasiyanı ani olaraq, təhlil etməyə qadir qeyri-adi dərəcədə iti fəhmi və ağlı, fədakar vətənsevərliyi və bir sıra digər yüksək keyfiyyətləri hamını valeh edirdi. Biz – Zərifə xanımı yaxından tanıyanlar, yer üzündə belə gözəl insanlarla bizi rastlaşdırdığı üçün taleyimizə minnətdar olmalıyıq.

O, insanlara inam, nikbinlik təlqin edir, səmimi bir müdrikliklə faydalı məsləhətlər verir, böyük nəzakət və nəvazişlə onları yanlış yoldan çəkindirir, pis fikirlərdən daşındıra bilirdi. O, ağlagəlməz bir lütfkarlıq və səbirlə həmsöhbətini dinləyərək, söylənənlərin əhəmiyyətsiz tərəflərini nəzakətlə qulaqardına vurar, diqqətini ən əsas və vacib məqamlara cəmləşdirərdi. İşinin həddindən artıq olmasına baxmayaraq, məsələləri ən xırda təfərrüatlara qədər yadda saxlayır, hadisələrin gedişini düzgün hesablamağı bacarırdı.

Digər nadir və seçilən cəhəti də onu başqalarından fərqləndirirdi. Zərifə xanım hər hansı bir məsələyə bütöv təbiətinə xas olan bütün cəhətlər ilə müdaxilə edirdi. Özünün bütün qabiliyyətlərini, ruhunun dərkolunmaz və daxilən tükənməz ehtiyatlarının hamısını bu işə sərf edirdi. O həmişə insanlara təmənnasız olaraq kömək göstərməyə hazır idi. Özgələrin qayğılarını özününkü kimi qəbul eləyə bilirdi və apardığı söhbətlər zamanı onun qara, parlaq gözlərinin dərinliklərindən həmsöhbətinin üzünə nur səpilirdi. Bu, iti zəkanın, ruhlandırıcı xeyirxahlığın həmsöhbətinə yeni nikbinlik bəxş edən, enerji verən nuru, işığı idi.

Onu xalqımızın fəxri olan görkəmli, məşhur Azərbaycan qadınlarının simvolu hesab edirəm. Bu, ən gözəl, ən parlaq və ən böyük insan obrazıdır.


A.M.MİRQASIMOV,
Azərbaycanın xalq rəssamı