Haqqında

Ana itirmişik ana yaşında

Həyatda müxtəlif adamlarla görüşür, ünsiyyətdə olursan. Hərənin də öz xarakteri, bir şeyə meyli olur. İnsanlar arasında xeyirxahlığı ilə seçilənlər də var, bu keyfiyyətdən məhrum olanlar da. Çox vaxt insanları “yaxşı”, “pis”, “xeyirxah”, “kinli” olduğuna görə müəyyənləşdiririk. Əlbəttə, variantlar çoxdur. Üstəlik əgər sənin də canında bir qədər xeyirxahlığa meyl varsa, istər-istəməz insanların yaxşı tərəfini görməyə can atırsan. Yalnız yaxşı keyfiyyətlərə malik insanlara nadir halda rast gəlirsən.

Həyatda mənim bəxtim gətirib. Belə ki, tale məni qeyri-adi bir insanla ünsiyyətdə olmaq imkanı verib. Zərifə Əziz qızı Əliyeva ömrünün son günlərinədək mənim yaddaşımda məhz həyatda olduğu kimi qeyri-adi insan olaraq qalacaq. Zərifə xanım, hər şeydən əvvəl, həyat sevgisi və maraq dairəsinin böyüklüyü ilə fərqlənirdi: o, həkim-oftalmoloq sənətinin vurğunu idi, elmi tədqiqatlara çox vaxt sərf edirdi, o, oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu tipli xəstəliklərin profilaktikasına və müalicəsinə böyük töhfə vermişdir. Zərifə Əziz qızı həyatda olduğu kimi, elmdə də özünə tapdanmış yol seçməmiş, elmin z öyrənilən, lakin inkişafı günün tələbi olan sahələrini araşdırmışdır.

Zərifə xanım Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri olarkən fəal şəkildə yüksək ixtisaslı oftalmologiya mütəxəssisləri hazırlamış, sənətin sirlərini tələbələrinə sevgi ilə öyrətmiş və bu isə çox əmək sərf etmişdir. Mən dəfələrlə tələbələrindən Zərifə xanımın onlara qeyri-adi diqqət və qayğı ilə yanaşdığını, kömək etdiyini, xeyirxahlıq göstərdiyini, eyni zamanda tələbkarlıqla yanaşdığını eşitmişəm. Zərifə xanım onları elmdə və həyatda vicdanlı olmağa sövq edirdi. Təsadüfi deyil ki, tələbələri onu aralarında “anamız” deyə çağırırdı.

Zənnimcə, Zərifə xanımın xeyirxahlığı, onunla görüşmək səadəti kimə nəsib olubsa, hamıya yaxşı məlumdur. Mən isə onu qeyd etməyi özümə borc bilirəm ki, həyatda rastlaşdığım insanlar arasında onun qədər təmasda olduğu hər kəsə, hər şeyə qeyri-adi diqqət və xeyirxahlıq göstərən ikinci bir insana rast gəlməmişəm. O, elə bir insan idi ki, həmişə xeyirxah olmağa çalışırdı.

Zərifə Əziz qızının sadəliyi də təkrarolunmazdır. Akademik, əməkdar elm xadimi, professor, müxtəlif mükafatlar laureatı olmasına baxmayaraq, istənilən adam ona üz tuta bilirdi və ciddi məşğul olsa belə Zərifə xanım istənilən adama kömək əlini uzadırdı. O, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, “Bilik ” Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi böyük ictimai işi aparırdı.

Əziz və unudulmaz Zərifə xanımla ünsiyyətdə olarkən biz müxtəlif məsələlərə, həm ixtisasımızla, həm də adi həyatla bağlı məsələlərə toxunurduq və o hər şeyə ürək yanğısı ilə maraq göstərirdi. O, ailədə qeyri-adi həyat yoldaşı, qayğıkeş ana, sevimli nənə idi, həmişə onun sevgisi, xeyirxahlığı, qayğıkeşliyi hiss olunurdu. Üstəlik hər şeyə onun vaxtı çatırdı.

Digər tərəfdən Zərifə Əziz qızı öhdəsinə düşən tapşırığa ciddi məsuliyyətlə yanaşırdı. Biz “Oftalmologiya xəbərləri” jurnalının redaksiyasında bir yerdə işləmişik və bütün məsuliyyətimlə deyə bilərəm ki, onun qədər ciddi, dəqiq redaksiya heyəti üzvünə - mütəxəssisə rast gəlməmişəm. Bütün sifarişləri, rəyləri və digər işləri Zərfə Əziz qızı həmişə yüksək səviyyədə, qısa müddətdə yerinə yetirirdi. O, heç vaxt başqalarından üstün olduğunu büruzə verməzdi. Vəzifə borcunu yerinə yetirmək onun başlıca keyfiyyətlərindən idi.

Adam elə gəlirdi ki, işin gərginliyindən Zərifə xanımın bir saniyə də olsun boş vaxtı yoxdur. Amma o, vaxt tapırdı. Sadəcə olaraq rəfiqələrinə zəng edir, hal-əhval tutur, bəzən də görüşüb söhbətləşirdi. Bu görüşlər isə bir qayda olaraq bayram əhval-ruhiyyəsi yaradırdı. Zərifə xanımın əks keyfiyyətlərini sadalamaq lazım gəlsə, əsl İnsana məxsus olan bütün yaxşı xüsusiyyətləri sadalamaq gərəkdir. Mən ondan başlamışdım ki, ideal yaxşı adam demək olar ki, yoxdur. Zərifə Əziz qızı sadəlik, xeyirxahlıq, işgüzarlıq, qayğıkeşlik, dözümlülük, üstəlik ömrünün son aylarında özünü xüsusi ilə büruzə verən qeyri-adi iradə kimi müsbət keyfiyyətlərə malik insan idi. O, heç zaman bir kimsəyə, hətta doğmalarına belə qayğıları və ağrıları ilə yük olmaq istəməzdi. O, yalnız ətrafdakıları fikirləşirdi və bu onun mənəviyyatından irəli gəlirdi.

Ölüm qeyri-adi bir insanı əlimizdən aldı. Bir dost kimi bu mənim üçün çox ağır itki idi. Bir daha belə bir insana həyatda rast gələcəyimə artıq inanmıram. Bir insan kimi Zərifə xanım haqqında xatirələri qələmə alarkən başa düşdüm ki, ötəri olaraq onun elm fəaliyyəti ilə kifayətlənmək mümkün deyil. Həm insan, həm də alim kimi Zərifə xanımın ömrünün hər iki tərəfini ahəngdarlıq, uyarlıq təşkil edirdi. O, hər şeydə istedadlı idi.

Uzun illər Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının müdiri olarkən Zərifə Əziz qızı oftalmoloq mütəxəssislərin bir neçə nəslini yetişdirmişdir. İndi də onun tələbələrinin imzası tez-tez “Oftalmologiya xəbərləri” jurnalının səhifələrində görünür.

Zərifə Əziz qızı ilk dəfə Azərbaycan Elmlər Akademiyasının Ə. Qarayev adın Fiziologiya İnstitutunun nəzdində görmə orqanının fiziologiyası və peşə patologiyası üzrə nadir elmi-tədqiqat laboratoriyasını yaratdı. Zərifə xanımın təşəbbüsü və rəhbərliyi ilə həmin laboratoriyanın bazasında bir çox kimyəvi maddələrin gözə zərərli təsirini aşkarlayan ciddi tədqiqatlar aparıldı. Bundan sonra həmin xəstəliklərin profilaktikası və müalicəsi işlənib hazırlandı. Elm sahəsində də onun xarakterinin əsas keyfiyyətləri – insanlara yardım etmək, xeyirxahlıq göstərmək kimi müsbət keyfiyyətləri üzə çıxırdı.

Zərifə Əziz qızı zəngin elmi irs qoyub getmişdir. “Şin istehsalında gözün patologiyası” monoqrafiyasına görə isə Zərifə xanım Tibb Elmləri Akademiyasının akademik Averbax adın mükafatına layiq görülmüşdür. Onun “Gözdə və görmə-əsəb yollarında yaş dəyişikliyi” monoqrafiyası da mütəxəssislərin diqqətini cəlb edir.

“Oftalmologiyanın aktual problemləri” monoqrafiyasında isə görmə orqanının müxtəlif patologiyası zəminində gözün müasir üsullarla tədqiqi və müalicəsi öz əksini tapıb. Zərifə Əziz qızının çoxşaxəli istedadı müxtəlif ixtisas sahələrində də özünü büruzə verir, o, oftalmoloji cərrahiyyə əməliyyatlarındakı, gözün virus xəstəliyinin və görmə orqanının damar patologiyasının müalicəsindəki elmi yeniliklərlə ciddi maraqlanırdı. O, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətində fəal işləmiş, bu işə ürəkdən bağlanmışdı.

Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım.

V. V. ŞMELYEVA,
Mərkəzi Həkimlər Təkmilləşdirmə İnstitutu
oftalmologiya kafedrasının professoru,
akademik Filatov adına mükafatın laureatı