Haqqında

Ölməz qəlbin sadəliyi

1977-ci il oktyabrın 21-də Zərifə Əziz qızı Əliyeva oftalmoloqların Bakıda keçirilən iclasında kimyəvi istehsal şəraitində görmə orqanının peşə xəstəliklərinə və onların profilaktika tədbirlərinə həsr olunmuş parlaq məruzə ilə çıxış edərək, gözəl illüstrasiyalı rəngli slaydlar nümayiş etdirdi. Bütün iştirakçıların diqqətini cəlb etmiş bu məruzənin oxunduğu gün Zərifə xanımı mən ilk dəfə görürdüm. Onun füsunkar şəxsiyyəti barədə o zaman mənim hələ təsəvvürüm yox idi.

Zərifə xanımla şəxsi tanışlığımız bu hadisədən təxminən yarım il sonra – 1978-ci ilin aprelində baş verdi. Əmək fəaliyyətinin həmin dövründə o, görmə orqanının peşə patologiyalarını öyrənmək üçün xüsusi elmi labo­ratoriya yaratmaq ideyası ilə yaşayırdı.

Qərara alınmışdı ki, həmin laboratoriya istehsal obyektinin yaxınlığında yerləşdirilsin. Bakı Məişət Kondisionerləri Zavodunda laboratoriya üçün yer artıq hazırlanmışdı. Zərifə xanım laboratoriya üçün kadrlar axtarırdı. Bu məsələ ilə şəxsən məşğul olur və yeni laboratoriyanın taleyi üçün kadrların uğurlu seçiminin bütün əhəmiyyətini tam dərk edirdi. Zərifə xanım məni də elə həmin vaxt öz yanına çağırdı və biz mənim baş elmi işçi kimi oraya keçməyimin mümkünlüyü məsələsini müzakirə etdik.

İlk tanışlığımız Bakıda, Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda professor P.S.Məlikaslanovanın kabinetində oldu. Qısa tanışlıqdan sonra başa düşdüm ki, Zərifə xanım mənim elmi işlərimə və tərcümeyi-halıma yaxşı bələddir. Hətta onu da bilirdi ki, Müdafiə Nazirliyinin hospitallarında xidmət müddətim yaşım çatdığına görə bitmək üzrədir. O, yaradılan laboratoriyanın məqsəd və vəzifələri ilə məni tanış etdi. Danışığının sadəliyi, sifətindəki xeyirxah təbəssüm, səmərəli elmi iş perspektivləri məni cəlb etdi. Bu təklifə razılıq verməyə bilməzdim, hərçənd mənə elə gəlirdi ki, həmin iş bir klinist və cərrah-oftalmoloq kimi məni tam qane eləyə bilməz. 1979-cu ildə mən görmə orqanının peşə patologiyaları laboratoriyasının əməkdaşı oldum və Zərifə Əliyevanın rəhbərliyi altında işə başladım. Kiçik kollektivimiz çoxmillətli idi: burada azərbaycanlılar, ruslar, ukraynalılar, ləzgilər vardı. Zərifə xanım hamıya eyni dərəcədə diqqət və qayğı ilə yanaşırdı. Beynəlmiləlçilik onun səciyyəvi cəhəti idi. Zərifə xanım bir elmi rəhbər kimi əməkdaşların qarşısında konkret, yerinə yetirilə bilən, praktik əhəmiyyət daşıyan və perspektivli vəzifələr qoymaq bacarığı ilə fərqlənirdi. O özünə və tabeçiliyindəkilərə qarşı ciddi, tələbkar olmaqla yanaşı, həm de qayğıkeş və diqqətcil idi, işçilərin rəyinə hörmətlə yanaşır və onların, işgüzar təşəbbüslərini hər vəchə müdafiə edirdi. Bunun sayəsində nisbətən qısa bir vaxtda laboratoriyamızda çoxsaylı orijinal elmi məqalələr, monoqrafiyalar, səmərələşdirici təkliflər və ixtiralar şəklində çox sanballı elmi əsərlər yarandı. Zərifə xanım çox tez bir zamanda öz laboratoriyasının əməkdaşlarını sevdi. O, bizim hər birimizin ən kiçik müvəffəqiyyətinə də ürəkdən sevinir, öz müsbət münasibətini təmkinlə, lakin tabe­çiliyindəki işçi üçün kifayət qədər həssaslıqla bildirməyi bacarırdı. 1979-cu ildə doktorluq dissertasiyamı müda­fiə edəndə bunu mən öz üzərimdə şəxsən hiss etdim.

O, mənim uğuruma çox sevinirdi. Laboratoriyada Zərifə xanım tez-tez çay süfrələri təşkil edərdi. Çayından, konfetindən, Azərbaycanın milli şirniyyatlarından tutmuş hər şeyəcən lazım olan azuqəni özü gətirərdi. Əslində, bu çay süfrələrinin arxasında istehsalat müşavirələri keçirilirdi: görülən işlərə yekun vurulur, gələcək planlar dəqiqləşdirilir, cari məsələlər müzakirə olunurdu. Həmin söhbətlərimiz Zərifə xanımın əməkdaşları üçün unudul­maz anlar idi.

Laboratoriya ilə birlikdə Zərifə xanım həm də Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyirdi. 1982-ci ildə onu kafedra müdiri seçdilər. O vaxtdan mən kafedrada da onun yanında çalışmağa başladım. Zərifə xanım məşğələlərin keyfiyyətlə və effektiv keçirilməsinə, dinləyicilərə təcrübi vərdişlər aşılamağa xüsusi diqqət yetirirdi. Onun oxuduğu mühazirələr dərin məzmunu, yeniliyi və aydınlığı ilə həmişə seçilirdi. İşçilərimiz üçün ən qiymətli keyfiyyətlərindən biri də bu idi ki, Zərifə xanım həmişə təmkinli və səbirli olardı. Hətta nəyə görə isə qəzəblənəndə belə o, heç zaman kobudluq etməzdi. Yadımdadır, işçilərimizdən biri moskvalı professorlardan birinə yerini şirin salmaq xatirinə yalandan özünü Zərifə xanımın qohumu kimi təqdim eləmişdi. Ona ciddi irad tutanda belə Zərifə xanım qəzəbini boğaraq, sakitliyini pozmadı. Bir də boş şeylərdən ötrü o, heç vaxt işçiləri məzəmmət etməzdi.

Zərifə xanımın başqa bir səciyyəvi və mənim üçün əziz olan cəhəti də sadəliyi, təvazökarlığı idi. Bəzən bu təvazökarlıq o yerə çatırdı ki, Zərifə xanım başqalarının yanında özünün qazandığı elmi, əqli və əxlaqi üstün­lükləri üzə vurmazdı. Misal üçün, hətta müxtəlif mətbu orqanların tələbi qarşısında da o, öz yüksək elmi rüt­bələrini qabarıq göstərməkdən hər vəchlə qaçardı. Eyni zamanda o öz səviyyəsini nəzərə çarpmaqdan qorumağı da yaxşı bacarırdı. Xaraktercə mehriban və təmkinli olan bu insanın bir başqasına ən kəskin mənfi münasibəti onun zərif, xeyirxah yumoru və təbəssümündə öz ifadəsini tapırdı. Həmçinin o, əməksevər və təvazökar adamlara çox mehribanlıq göstərər, həmişə onların köməyinə çatmağa çalışardı. Zərifə xanımı fərqləndirən başqa bir cəhət də onun müxtəlif adamlarla ünsiyyətdə sadəliyi idi – dinləyiciləri ilə, həkimlərlə, əməkdaşlarla, professorlarla, akademiklərlə söhbətlərində Zərifə xanım onların ictimai mövqeyindən asılı olmayaraq, bütün adamlarla eyni dərəcədə nəzakət və hörmətlə davranırdı. Onun nadir insani keyfiyyətləri laboratoriya və kafe­dranın bütün əməkdaşlarında ona böyük hörmət və əsl məhəbbət doğurmuşdu. O, insanları çox yaxşı tanıyırdı. Bu keyfiyyət kadrların seçilməsində, eləcə də müxtəlif məsələlərlə əlaqədar ona müraciət edən adamlara münasibətində daha dəqiq təzahür edirdi.

Akademik Z.Ə.Əliyeva laboratoriyaya və kafedraya qısa müddətdə başçılıq etdi. Buna yalnız təəssüflənmək olar. Həyatdan vaxtsız getməsəydi, onun və başçılıq etdiyi elmi müəssisələrin şöhrəti daha çox olardı. Onun yaradıcılıq qüvvəsi aşıb-daşırdı, yeni fikir və ideyalarını həyata keçirmək əzmində idi, əməkdaşlarının elmi, pedaqoji və təcrübi işlərinə, o cümlədən bir neçə dissertasiyaya qayğıkeşliklə, canıyananlıqla rəhbərlik edirdi.

Zərifə Əliyeva vəfat etdi. Lakin onun laboratoriyanın və kafedranın işində təcəssümünü tapan ideyalar uzun müddət yaşayacaqdır. Əməkdaşlıq illərimiz onu mənim üçün unudulmaz bir insana çevirdi.


M.Y.SULTANOV,
professor, Ə.Əliyev adına Azərbaycan
Həkimləri Təkmilləşdirmə İnstitutu
göz xəstəlikləri kafedrasının müdiri