Haqqında

Amalı, niyyəti saf olan insan

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyasının mükafatı laureatı, tibb elmləri doktoru, professor, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının təcəssümü olan bir insan kimi onunla ünsiyyətdə olan hər bir adamın qəlbində əbədi yaşayacaqdır.

Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qatlarında üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önündə canlanır, bərq vurur. Zərifə Əziz qızının yaradıcı həyatının ana xəttini, heç şübhəsiz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra ömrünü oftalmologiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz incəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstərmişdir. Zərifə Əziz qızının yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımlarını atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub.

1948-ci ili xatırlayıram. Gənc həkim bu kafedrada ilk ixtisas kursunu keçir, göz həkimi diplomu alır, sonradan uzun illər ardıcıl olaraq Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent, professor və kafedra müdiri vəzifələrini tutur, daim bizim kafedra ilə sıx yaradıcılıq əməkdaşlığı saxlayır, AZərbaycan üçün oftalmologiya mütəxəssisləri hazırlayır. Bu illər ərzində o, gözəl diaqnostik, klinik və cərrah-oftalmoloq kimi təşəkkül tapır, əsl pedaqoq istedadı üzə çıxır.

Cazibəli şifahi nitq mədəniyyətinə malik olan Zərifə xanım həkim-oftalmoloqlar üçün Azərbaycan və rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək elmi səviyyədə mühazirələr oxuyur. Heyrətləndirici bir faktı misal çəkmək istəyirəm. Belə ki, Zərifə xanımın rus dilində həm şifahi danışığı, həm də elmi kürsülərdən yüksələn çıxışları dəqiq və aydın tələffüzü ilə diqqəti cəlb edirdi. O, tribunada özünəməxsus danışıq manerası ilə fərqlənir, möhkəm yaddaşına güvənərək bir qayda olaraq yazılı mətnə baxmadan əhatə etdiyi mövzunu rəngli slaydlar və cədvəllərlə əsaslandıra bilirdi.

Mən dəfələrlə professor Z.Ə.Əliyevanın bir neçə həkimlə birlikdə xəstələri müayinə etməsinin şahidi olmuşam. Zərifə xanım xəstəyə təcili diaqnoz qoymağa, necə deyərlər “ilk baxışdan diaqnoz qoymağa” tələsmirdi. Bir növ xəstənin daxili aləmini öyrənməyə çalışırdı. Bu həkim xəstənin yaşayış tərzini, vərdişlərini, şikayətini və xəstəliyin baş vermə səbəblərini aydınlaşdırmağa səy göstərirdi. Onun fikrincə, yalnız belə olduqda obyektiv klinik müayinə əsasında düzgün müalicə təyin etmək mümkündür.

Həkimləri təkmilləşdirmə kurslarının müdavimləri əbəs yerə demirdilər ki, professor Z. Ə. Əliyevanın həkimlik mədəniyyəti olduqca universaldır. Professor təkcə dərmanlara və cərrahiyyə alətlərinə üstünlük vermir sözlə müalicə etməyə çalışır, xəstəni ümidsizliyə qapılmağa qoymurdu.

1979-cu ildə Mərkəzi Həkimlər Təkmilləşdirmə institutu professor Z. Ə. Əliyevanın təşəbbüsü ilə “Göz xəstəliklərinin diaqnostikasının və müalicəsinin yeni üsulları” mövzusunda aylıq səyyarı seminar keçirirdi. Bu, mənim rəhbərlik etdiyim 21-ci seminar idi və respublikada həkimləri təkmilləşdirmək üçün yeni metodik üsullara əsaslanan bu cür seminarlar ilk dəfə keçirilirdi.

Heç şübhəsiz ki, bu cür tədbirlərin keçirilməsi həm Moskvada, həm də Azərbaycanın həkim-oftalmoloqlarının iş birliyi qurmasına şərait yaradırdı. Həmin silsilə seminarlar həm iki kafedranın işgüzar əlaqələrini daha da gücləndirirdi və gələcəkdə onların iş üsullarını, mən deyərdim ki, eyniləşdirirdi. Üstəlik professor Z. Ə. Əliyevanın rəhbərlik etdiyi müəllim kollektivi moskvalı həmkarların oxuduğu bütün mühazirələri dinlədi, başqa yerlərdən gələn pedaqoqlar isə öz növbəsində Bakının göz xəstəlikləri klinikalarında oldular, göz xəstəliklərin müalicə üsulları ilə, habelə Azərbaycan oftalmoloqlarının iş təcrübəsi ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Zərifə xanımın pedaqoji təcrübəsində sözlə işin vəhdəti aydın nəzərə çarpır. O oftalmoloqun fəal formalaşması üçün məhz tədris prosesi üçün nəzərdə tutulan və şəxsən müəllifi olduğu dərs vəsaitlərindən, nəşrlərdən geniş istifadə edirdi. Həkimlərin təkmilləşdirmə məqsədi ilə keçirilən həmin səy tutulmuşdur. Nadir tibbi nəşrlərdən olan “Ağır virus konyuktivləri”, “Herpetik göz xəstəlikləri” də bu silsiləyə aiddir.

Zərifə Əziz qızının pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə “Meditsina” nəşriyyatı tərəfindən 40 çap vərəqi həcmində buraxılan “Terapevtik oftalmologiya ” kitabıdır. Burada dünya oftalmoloji təcrübənin yenilikləri öz əksini tapmışdır. həmin nadir nəşr Moskvada, Azərbaycanda, Novokuznetskdə və Xarkovda oftalmologiyada terapevtik problemləri araşdıran Həkimləri Təkmilləşdirmə İnstitutlarının göz xəstəlikləri kafedrasının professor-müəllim heyətinin birgə gərgin zəhmətinin məhsulu idi. Zərifə xanım həmin kitabın ən sanballı bölmələrini yazarkən təbii ki, özünün zəngin klinik təcrübəsinə və elmi tədqiqatlarına əsaslanmışdır. O, eyni zamanda həmin kitabın illüstrasiyalarla hazırlanmasında da iştirak etmişdir. Həmin əsərləri oxuyan həkimlər hələ neçə illər bundan sonra da görkəmli alim və pedaqoqun ideyalarını əməli işə tətbiq etmək imkanı əldə edəcəklər.

Dərs vasitəsi ilə yanaşı professor Z.Ə.Əliyeva dövrü mətbuatda çap etdirdiyi məqalələrdə elmi nöqteyi-nəzərdən həkimlərin təkmilləşdirilməsi məsələlərini araşdırır. Onun 1984-cü ildə “Oftalmologiya xəbərləri” jurnalının 5-ci nömrəsində yazdığı “Oftalmoloq kadrlarının təhsili və tərbiyəsi” sərlövhəli baş məqalə buna əyani sübutdur. Zərifə xanımın “Həkimləri təkmilləşdirmənin elmi əsasları” məqaləsində internatura, klinik ordinatura, ilkin ixtisaslaşdırma, ümumi və tematik təkmilləşdirmə, informasiya kursları, seminar və simpoziumlar vasitəsi ilə göz həkimlərinin təhsil sisteminin inkişafının əsas istiqamətləri müəyyənləşdirilir. Məqalə redaksiya heyətinin sifarişi ilə yazılmış və jurnalın 100 – illik yubileyi münasibəti ilə çap edilmişdir.

Bir daha Bakıda keçirilən həkimləri təkmilləşdirmə seminar-müşavirəni xatırlayıram. Qeyd etmək lazımdır ki, oftalmoloqların daha fəal şəkildə yeni tibbi bilikləri mənimsəməsi baxımından Bakıda keçirilən seminar-müşavirə bizim kafedranın Ermənistanda, Latviyada, Litvada, Qazaxıstanda, Tacikistanda, Türkmənistanda, Estoniyada keçirdiyi digər seminar-müşavirələrdən üstün idi. Bu işdə, heç şübhəsiz ki, Zərifə Əziz qızının böyük xidməti vardı. O, sözün əsl mənasında, bizim kafedralarının birgə fəaliyyətinin dirijoru sayıla bilərdi. Zərifə xanım həm də qayğıkeş və qonaqpərvər ev sahibəsi idi. Məhz onun sayəsində biz Lənkəranda işləmək imkanı əldə etdik, quruda və dənizdəki neft mədənlərində olduq. Bakının muzeylərini və teatrlarını gördük. Azərbaycanın Nizami Gəncəvi, Səməd Vurğun kimi görkəmli şairlərin yaradıcılığı ilə tanış olduq. Xoş təəssüratla Azərbaycanı tərk edəndən sonra bu möcüzəli diyara, onun zəhmətkeş xalqına şer həsr etdim. Həmin şerdən bir neçə sətrini diqqətinizə çatdırıram:

Mən sənə vuruldum, ey gözəl Bakı!
Xoşdur sərt küləyin, geniş torpağın...
Qızıl Abşeronun mərd oğulları
Necə də güclüdür, sağlamdır, baxın!
Bir istəklə vurur qəlbimiz hər an:
Daim yaşa, var ol, ey gözəl Bakı!

Respublikanın elmi, pedaqoji və həkim kadrlarının hazırlanması Moskvada da davam etdirilirdi. O cümlədən, Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının assistenti Xalidə Rəcəbli “Gözün mikro-cərrahiyyə əməliyyatı” mövzusunda təkmilləşdirmə kursunu keçmiş, 1984-85 – ci illərdə isə Hicran Kamal qızı Namazova, Mehriban Nəriman qızı Şıxıyeva, Rəna Firuz qızı Ləmbəranskaya məqsədyönlü klinik ordinaturada təhsillərini uğurla başa vurmuşlar.

Professor Z. Ə. Əliyeva və səhiyyəyə təkcə görkəmli pedaqoq kimi şöhrət tapmamışdı. Eyni zamanda o, fundamental elmi araşdırmaların müəllifi olan, tibb elminə nəhəng töhfələr vermiş, böyük erudisiyaya malik görkəmli alim kimi də geniş tanılırdı. Onun tədqiqatları geniş miqyası ilə seçilirdi. Alimin “Yaşla əlaqədar olaraq gözün və görmə-əsəb yollarının dəyişikliyi” adlı monoqrafiyası bunu bir daha sübut edir. Burada konkret şəraitdə görmə orqanının vəziyyətini öyrənən klinik istiqamətli elmi müddəaların bütöv bir silsiləsi öz əksini tapmışdır. bu elmi işlər sırasında böyük yaradıcı əməklə başa gələn Özbəkistanın “Meditsina” nəşriyyatı tərəfindən çap edilmiş “Şəkərli diabet zamanı göz xəstəlikləri ” adlı monoqrafiya xüsusi əhəmiyyət kəsb edir. Bu qiymətli əsərində Zərifə xanım bir sosial mənbə kimi Orta Asiya və Qafqaz regionunu götürərək insanlar arasında tez-tez müşahidə olunan və kifayət qədər geniş yayılmış şəkərli diabet zamanı yaranan göz xəstəliklərinin patoloji, klinik, diaqnostik və müalicəvi xüsusiyyətlərini araşdırır. Elmi siqlətinə görə bu nəşr nadirdir və bu gün də oftalmoloqların stolüstü kitabdır.

Son onilliklərdə tibb sahəsinin alimləri bütün imkanlarda istifadə edərək təbabətin tətbiqi istiqamətinə üstünlük vermişlər. İstedadlı tədqiqatçı alim, kamil mütəxəssis və təşkilatçı olan professor Z. Ə. Əliyeva peşə ilə əlaqədar yaranan göz xəstəliklərin patologiyasını sənayedə çalışan işçilərin nümunəsində araşdırmışdır. Onun təşəbbüsü ilə Bakı Kondisionerləri zavodunda Azərbaycan Elmlər Akademiyası fiziologiya institutunun görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə bənzəri olmayan laboratoriya yaradılmışdır.

Alimin çoxillik elmi araşdırmalarının nəticəsi olaraq kimya sənayesi işçilərinin göz xəstəliklərinin tədqiqini ümumiləşdirən, ciddi elmi nəticələr doğuran işi 1976-cı ildə doktorluq dərəcəsinə layiq görülmüşdür. Görmə orqanının vəziyyəti və funksiyasının dərin və hərtərəfli nəzərdən keçirilməsi zamanı şin və yod istehsalı sahəsində çalışan min beş yüzdən çox adam üzərində müşahidələr aparılmış, spesifik iş şəraitinin, sanitar-gigiyenik durumun görmə orqanlarına mənfi təsiri elmi dəlillərlə sübuta yetirilmişdir. Elmi təcrübənin dovşanlar üzərində aparılması zamanı ətraf mühitin, konkret fizioloji yaşam tərzinin görmə orqanlarında yaratdığı dəyişiklik dəqiqliklə tədqiq olunmuşdur. Mövzunun aktuallığı, qarşıya qoyulmuş məqsədin uğurla reallaşdırılması, ən yeni nəzəri müddəaların meydana çıxarılması, hər şeydən daha çox elmi işin tətbiqi xarakteri, başqa sözlə insanlara gərəkliyi ona halal doktorluq haqqı qazandırdı. Zərifə xanımın tibb elmləri doktoru adına layiq görülməsinə hamı bir nəfər kimi səs verdi. Qelmoqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu elmi şurasının üzvü, rəsmi opponent kimi dərin təhlillərə söykənən, həqiqətən yayı-bərabəri olmayan, hələ o zaman hamımızın elmi kəşf saydığımız doktorluq işinin müdafiəsində çıxış etmək, alim-tədqiqatçıya suallar vermək imkanı mənə də nəsib olmuşdur. Zərifə xanım öncə özünün dərin mütəxəssis biliyi, dissertasiya üçün seçilmiş materialların zənginliyi və hərtərəfli elmi izahı, axtarışlarının məzmunu, yığcam və bitkin məruzəsi ilə hamını heyran qoymuşdu.

Zərifə xanımın şin və yod sənayesi işçilərində yaranan göz xəstəlikləri və onun müalicəsinə həsr olunmuş doktorluq işi, bu böyük tədqiqat əsəri sonralar nəinki sırf oftalmoloji xarakter daşıdı, hətta kimya sənayesinin sanitar-gigiyenik xidmət sferasının da diqqət və marağını cəlb etdi, minlərlə işçi insanın görmə orqanlarının qorunması və müalicəsi sahəsində tibb işçilərinə aydın və səmərəli istiqamət verdi.

Professor Z. Ə. Əliyevanın peşə xəstəlikləri ilə mübarizəyə, müasir tibbi-bioloji problemlərin elmi araşdırmasına həsr edilmiş iki kitabı səhiyyə işinin təşkilatçıları, oftalmoloqlar, sanitar-gigiyena mütəxəssisləri, peşə xəstəliklərini araşdıran həkimlər və bu sahələrə yaxın tibbi vəsilələr üçün əvəzsiz tövhədir, görkəmli alimin həmişəyaşar yadigarlarıdır. Budur, o kitablar: 1980-ci ildə işıq üzü görən “Şin sənayesində peşə ilə əlaqədar yaranmış göz xəstəliklərinin patologiyası ”, və 1989-cu ildə çapdan çıxan “Oftarmopatologiya pri xraniçeskoy yodovoy indoksikatsıi”. Yüksək poliqrafiyalı, ağ-qara və rəngli şəkillərlə, cədvəl və sxemlərlə müşayiət edilən elmi əsərlərin dəyərini açıqlamaqdadır. Sənaye oftalmologiyası üzrə professor Z. Ə. Əliyevanın yaratdığı silsilə əsərlər akademik M. İ. Averbax adına mükafat qazanmışdır. Zərifə xanım elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycanın əməkdar elm xadimi” adına layiq görülmüşdür. Böyük əməyin qiyməti olaraq tibb elmləri doktoru adını qazanandan sonra Zərifə Əziz qızının elm fəaliyyəti daha da genişlənmiş, şaxələnmiş, ilhamlı bir siqlət kəsb etmişdir. Məhz bu böyük elmi uğurdan sonra görkəmli alimlər, oftalmoloqlar, nevropatoloqlar, cərrahla yanaşı onun da müştərək müəlliflərdən biri olduğu “İriodiaqnostikanın əsasları ” adlı böyük və səmərəli əmək nəticəsində yaradılmış fundamental kitab meydana çıxmışdır.

Bu kitab insan orqanizmində baş verən müxtəlif xəstəliklərin görmə orqanına təsirini araşdıran, klassik tibb elminə az məlum olan elmi biliklərə, gərgin axtarış və tapıntılara söykənən nadir məxəzdir. Elə buna görə də kitab sonsuz maraq doğurmuş, oftalmoloji nəşrlərlə yanaşı, kütləvi informasiya vasitələrində də yüksək rəylər söylənmiş, məqalə və resenziyalar dərc edilmişdir.

Professor Z. Ə. Əliyevanın “Azərbaycan Elmlər Akademiyasının xəbərləri”, “AZərbaycan Elmlər Akademiyasının məruzələri” ndə çap olunmuş akademik nəşrlərində müasir şəraitdə görmə orqanlarının problemləri araşdırılarkən təbabətin klassik metodlarına daha çox üstünlük verilmişdir. Alimin 1983-cü ildə nəşr olunmuş “Oftalmologiyanın aktual problemləri əsəri öz siqlət və sanbalına görə xüsusilə fərqlənir. Bakı və Moskva oftalmologiya kafedraların arasındakı yaradıcı əməkdaşlığın bəhrəsi sayılan bu kitab ixtisasla bağlı beş aktual bölmədən ibarətdir. Bölmələrdən biri “Həkimlərin mənəvi tərbiyəsi, deontologiya səhiyyə etikası və əxlaqı” adlanır. Zərifə Əziz qızı bu mövzuda həmişə məmnuniyyətlə söhbət açırdı. Bir dəfə o, Moskva oftalmoloqları elmi cəmiyyətinin plenar iclasında həkim mənəviyyatı barəsində olduqca dolğun bir məruzə ilə çıxış edirdi. Onun saysız-hesabsız dinləyiciləri məruzəni böyük maraqla qarşıladılar. Kitabda söz xəstəliklərin patologiyası, müalicə üsulları dərin elmi dəlillər, zəngin təcrübə işığında təqdim edilir. Bölmələr bölmələri əvəzlədikcə kitab müəlliflərinin, araşdırmalarının zənginliyi, görkəmli alimin böyük elmi potensialı bütün qüdrəti ilə üzə çıxır. Nəşr həm təcrübi oftalmoloqlar, həm də ali məktəb müəllimləri, ixtisasını, artıran həkimlər üçün nəzərdə tutulmuşdur. Bu əsər indi bütün həkimlər tərəfindən yüksək qiymətləndirilir, istər tibbi alimlərin, istərsə də həkimlər tərəfindən geniş istifadə olunur.

Z. Ə. Əliyevanın 1983-cü ildə tibb sahəsindən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun böyük xidmətlərini, çoxillik, səmərəli elmi tədqiqat işlərini, səhiyyənin nəzəri və təcrübi sahələrinə nəhəng qüvvə sərf etdiyini bir daha sübuta yetirir. O bu ali mərtəbəyə yüksələndən sonra da yorulmaq bilmir, böyük bir həvəs, inad və səbirlə həkim, alim borcunu yerinə yetirir, Vətəninə, tibb elminə xidmət edirdi. O əvvəlki illərdə olduğu kimi xəstələri müalicə edir, həkimlər yetişdirir, elmi məqalə və kitablar yazır, “Oftalmologiya xəbərləri ” jurnalında müəllif, rəyçi, redaktor kimi fəaliyyət göstərir, redaksiya heyətinin üzvü səlahiyyətlərini yerinə yetirirdi. 1983-cü ildə bu jurnalda onun “Kənd təsərrüfatında pestisidlərlə işləyən mexanizatorların görmə orqanlarının vəziyyəti” adlı yeni bir məqaləsi dərc olundu. Məqalə yeni sahəyə müraciət edən alimin peşə xəstəlikləri patologiyası üzrə elmi-tədqiqatçılarının əhatə dairəsini genişləndirdiyini göstərirdi. Zərifə xanımın 1984-cü və 1985-ci illərdə peşə ilə əlaqədar yaranan göz xəstəliklərinin patologiyasına dair daha iki sanballı məqaləsi böyük maraq doğurdu, alimin öz tədqiqatlarına sədaqətini, inamını sübut etdi. Təsadüfü deyil ki, böyük həkim-alim Zərifə Əziz qızının tədqiqatlarının nəticəsi olan ümumiləşdirilmələr oftalmoloqların 6-cı qurultayının işləri sırasına daxil edildi, qurultayın yüksək tribunasından səsləndi.

Yalnız görkəmli oftalmoloq olaraq qalmayan Zərifə xanım hər zaman – siyasət, mədəniyyət, incəsənət barəsində söhbət gedərkən öz dərin duyumu, həssaslığı ilə hamını heyran edirdi. Mənə Zərifə Əziz qızı ilə həkimlikdən, elmi laboratoriyadan, oftalmologiyadan qıraqda ünsiyyət xoşbəxtliyi də nəsib olmuşdu. Azərbaycanda Ukrayna incəsənəti ongünlüyü keçirilərkən onun etdiyi parlaq çıxışı xatırlayıram. Ukrayna artistləri ilə bir dəstə Xəzər dənizinin məşhur “Neft daşları” na getmişdik. Zərifə Əziz qızı da bizimlə idi. Bu, mənim həyatımın ən unudulmaz səhifələrindən biridir. Hər şey gözəl idi, dənizin coşqun dalğaları da, sənət adamlarının həmişə maraq doğuran dünyası da, “Neft daşları” da, orada toplaşdığımız salon da... Amma ki, o günə Zərifə xanım xüsusi bir rövnəq verirdi.

Sanki hamı tərəfindən kəşf olunan Zərifə xanım masa arxasında çıxış etdi, respublikanın qazandığı uğurlardan, səhiyyə və mədəniyyət sahəsindəki önəmli hadisələrdən danışdı. Onun çıxışı həqiqətən parlaq və faktlarla zəngin idi. Mən eşitdiklərimə heyrət edirdim. Yalnız mədəniyyət və təhsil sahəsinə dərindən bələd olan natiq belə danışa bilərdi. Mən Zərifə Əziz qızı ilə yanaşı əyləşmişdim. Üzümdə qeyri-adi ifadə vardı, öz həmkarlarımın oftalmologiyanın hüdudlarını aşan hərtərəfli bilgisindən iftixar duyurdum. Zərifə xanım mənim keçirdiyim hissləri sanki üzümdən oxudu və sözlərini başa vurandan sonra mənə tərəf əyilib ehmalca soruşdu, “Hə, necə alındı?” “Mən nə deyə bilərəm axı?” Düşüncələrimi ifadə etməyə söz tapmırdım. Mənim gözlərimdə yaş parladı, fəxr edirdim ki, bizim aramızda təbiətin xoş çağında yaranmış zəngin mənəviyyatlı bir insan yaşayır.

Söz düşmüşkən, Zərifə xanımın bədii duyumu, bədii istedaddan da bənzərsiz idi. Onun sənət haqqında söhbətlərindən, incəsənət dünyasından dostlar, doğmalar arasında çəkib gətirdiyi nümunələrdən doymaq mümkün deyildi. Doğma adamların tez-tez “nadir inci ” adlandırdığı Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü. Zərifə Əziz qızı N. Dunayevskinin filmlərindəki musiqi nömrələrini xüsusilə sevirdi. Onun ifasında bu nəğmələr olduqca təsirli alınırdı. Budur, musiqi sədaları ilə onun yumşaq, şirin səsi yüksəlir:

“Qız ürəyi, qız qəlbi
Mənə aman ver, aman.
Bülbüllərin səsidi
Hicran suyuna daman...”

Bu hələ harasıdır, o bir anda böyük bir zərifliklə başını mənə sarı çöndərib, əlinin yumşaq hərəkəti ilə məni də ora çağırır, royalın yanına. Az sonra bizim duetimiz dalğalanır. Zərifə Əziz qızının incəsənət duyumunu, musiqiyə vurğunluğunu adamlardan gizlətmirdi. 1979-cu ildə Oftalmoloqların Səmərqənddə keçirilən 5-ci qurultayında geniş auditoriya qarşısında nəğmələr ifa etdi, oxudu. Peşəkar sənətçilərdə Zərifə xanımın musiqi istedadını yüksək qiymətləndirirdilər. yaxşı deyiblər ki, zər qədrini zərgər bilər. elə buna görə musiqiçilər Zərifə xanım üçün məmnuniyyətlə ifa edirdilər.

Obyektivlik naminə qeyd etmək lazımdır ki, Zərifə Əziz qızı elmi tədqiqatların rəhbəri, alim, pedaqoq, həkim, ictimai xadim kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirməklə yanaşı, həm də gözəl ana və həyat yoldaşı idi. O bütün varlığı ilə ərinin, uşaqlarının, daha sonra isə nəvələrinin də qayğıları ilə yaşayırdı. O, doğmalarının varlığı ilə nəfəs alır, onların haqqında ən xırda şeyləri belə bilir, ailə üzvlərinin hər birinin sağlamlığı qayğısına qalır, xəstələndikdə bir həkim kimi tibbi konsiliumlarda iştirak edir, onların düzgün qidalanmasına nəzarət edirdi. Uşaqları hədsiz dərəcədə sevməklə yanaşı o həm də yaxşı həkim-psixoloq idi. Odur ki, körpələr mübahisə edəndə onları, adətən, nənələri sakitləşdirər, kimi danlamaq, kimi əzizləmək, kimi nümunə göstərməyin lazım olduğunu bilərdi. Əbəs yerə uşaqlar mehrini ona salmamışdı ki... Zərifə Əziz qızını öz ailəsinin xeyirxah dahisi adlandırsam səhv etmərəm. Çünki məhz onun sayəsində ailə rahatlıq tapır, məhz onun ana müdrikliyi hələ təzəcə ev-eşik siyasi olan övladlarına ilham verir, məhz onun ana ürəyi övladlarını xəstəlikdən və bədnəzərdən qoruyur, onun şəfqətli əlləri ağrını və yorğunluğu götürürdü. Tale elə gətirib ki, həyatımda müxtəlif peşə sahibləri ilə rastlaşmışam, ailə daxili çəkişmələr görmüşəm, lakin bütün səmimiyyətimlə deyə bilərəm ki, Zərifə xanım qədər özünü bütün varlığı ilə ailəsinə həsr edən, onun qayğıları ilə yaşayan ikinci bir adam xatırlamıram. Zərifə xanım hər bir insana həyatının çətin anında dayaq olmaq, ona kömək etmək amalı ilə yaşayan bir insan idi. Bu hətta ondan çox uzaq olan adamlara da münasibətində özünü büruzə verirdi. O, belə anlarda əlində olan bütün imkanlardan istifadə edər və insani keyfiyyətləri ilə adamı özünə çəkərdi. Bu da onu hamının sevimlisinə çevirərdi.

Bir qadın kimi də Zərifə Əziz qızı haqqında bir neçə kəlmə deməyə bilmərəm. Təbiət ona qeyri-adi qadın cazibədarlığı bəxş etmişdi. Onun görkəmi, qalın saçları, sifətinin qövsləri cizgisi, açıq alnı, insanın qəlbini riqqətə gətirən qara gözləri heyranlıq doğurmaya bilməzdi. Zərifə Əziz qızının bütün varlığı hərəkətlərindən və üzünün mimikasından oxunurdu. Mən onu heç zaman əsəbi, qəzəbli görməmişəm. O həmişə gülərüz, xeyirxah idi. Zərifə xanımın əlləri xüsusi ilə də valeh edirdi. Bu balaca qadın-cərrah əlləri sanki təmasda olduğu hər şeyə istilik verirdi, eyni zamanda bu əllərdə ailə qayğılarının, qadın əməyinin izlərini də sezmək mümkün idi. Belə ki, Zərifə xanım yüksək təbəqəyə mənsub olsa da ev işlərindən boyun qaçırmazdı. Məhz belə bir qadın obrazını Aleksandr Puşkin öz əsərlərində vəsf etmişdi.

O əsl qadın kimi modanın qanunları və tələblərinə də biganə deyildi. Yüksək zövq sahibi olsa da, hər şeyin ölçüsünü, yerini bilirdi. Onun qarderobunda göz qamaşdırıcı heç nəyə rast gəlmək mümkün deyildi. Bir qayda olaraq o, müasir, eyni zamanda rahat biçimdə geyinməyə üstünlük verərdi. Yüngülcə kosmetikadan istifadə edər, iki brilyant sırğa və üzük taxar, paltarının rənginə uyğun əl çantası götürərdi. Onun fikrincə, insanın zahiri və mənəvi gözəlliyinin əlavə bəzək-düzəyə ehtiyacı yoxdur.

Zərifə xanım elə bir insan idi ki, bir dəfə ünsiyyətdə olan adam onu ömrü boyu unuda bilmir. Bu cür şəxsiyyətlər yüksən vətəndaşlıq, Zərifə Əziz qızı haqqında ürəyimdən keçənləri ifadə etməyə söz tapmıram.

Zərifə xanımın adı, şöhrəti
Yaddan çıxan deyil, əbədilikdir.
Alim müdrikliyi, həkim şəfqəti
ölçüyə gəlməz.
Səfərə çıxdımı alim dedilər,
Hamı söhbət açdı səadətindən.
Evinə döndümü – bir qadın-ana
Hamıya pay düşdü
Ana əllərinin hərarətindən!
Əl tutdu bir kimsə düşəndə dara,
Yaxşılıq etsə də gətirməz dilə.
O yandı, alışdı bir ulduz kimi,
Sönməyib işığı, yol gəlir hələ.


N.B.ŞULPİNA,
professor, Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunun kafedra müdiri, əməkdar elm xadimi