Əbədiləşən adı

Zərifə Əliyeva küçəsi

Ukraynanın İrpen adlı kiçik bir rayon mərkəzində (Kiyev vilayəti) akademik Zərifə Əliyevanın adını daşıyan bir küçə var.

Bu qadın özü haqqında xoş xatirələr qoyub getmişdir. Onu təkcə Azərbaycanda və Rusiyada deyil, Ukraynada da xatırlayırlar. İstedadlı alim, həkimlik istedadı bir növ Allah vergisi olan Zərifə Əliyeva ömrünün çiçəkləndiyi dövrdə dünyasını dəyişdi... Həyatının son illərində Moskvada onunla birgə işləmiş oftalmoloq həmkarları Zərifə Əliyevanı ən xoş və səmimi hisslərlə yad edirlər.

O, hələ həmin dövrdə də qüdrətli bir şəxsiyyətin - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin həyat yoldaşı olması faktını heç vaxt qabartmazdı. Hətta ona qanunla verilən imtiyazlardan da heç vaxt istifadə etmirdi. Görkəmli həyat yoldaşının bir növ kölgəsində qalaraq öz sevimli peşəsi ilə - təbabətlə məşğul olurdu. Zərifə xanımı yaxından tanıyan adamların dediyinə görə, onun evi də həmişə səliqə-sahmanlı olurdu.

Zərifə Əliyevanın adını daşıyan küçə - bu böyük alimə, anaya, qadına ehtiram əlaməti və xalqlar dostluğuna abidədir.

İrpen şəhərinin sakinləri keçmiş Proletarskaya küçəsinin adını dəyişib ona akademik Əliyevanın adının verilməsi barədə dəfələrlə yerli hakimiyyət orqanlarına müraciət etmişlər. Azərbaycan xalqına münasibətdə bu səmimi addım Ukraynanın və Azərbaycanın bir çox şəhərləri arasında yaranmaqda olan qardaşlaşma münasibətləri fonunda baş vermişdir. Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlər yaradılmasının 10 illik yubileyinin bayram edildiyi günlərdə bu xahiş xüsusilə aktuallaşmışdı.

İrpendə böyük bir Azərbaycan diasporu fəaliyyət göstərir. Şəhərin abadlaşdırılmasında bu keçmiş sovet respublikasından olan sahibkarların səyləri də az deyildir. Azərbaycan diasporunun bu şəhərlə bağlı məsələlərdə, müxtəlif xeyriyyəçilik və mədəni tədbirlərdə iştirak etməsi sakinlərin diqqətindən kənarda qalmır.

Bu və ya digər ölkənin tanınmış adamlarına hörmət, səmimi dostluq təşəbbüsləri adi həyatda bizim çoxumuzun bir-birimizlə dil tapmağımıza mane olan amillərin çoxunu aradan qaldırmağa kömək edir. Zərifə Əliyevanın adını daşıyan küçə Ukraynanın ən böyük şəhərində olmasa da bu fakt bir məsələni hamıya xatırladacaqdır: insan həmişə və hər yerdə öz ləyaqətini qoruyub saxlamalı və bilməlidir ki, onun arxasında təkcə yaxın adamları deyil, həm də vətəninin şərəfi dayanır.