Əbədiləşən adı

Akademik Zərifə Əliyeva adına körpələr evi-uşaq bağçasının açılış mərasımı

2005-ci il sentyabrın 9-da Yardımlıda akademik Zərifə Əliyeva adına körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leylanı uşaqlar, valideynləri binanın qarşısında böyük sevinclə qarşıladılar, onlara gül dəstələri təqdim etdilər. Balacalar Heydər babaya, Prezidentə həsr olunmuş şeirlər söylədilər.

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən qırmızı lenti kəsdi. Sonra binanın vestibülündə akademik Zərifə Əliyevanın büstü önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təxminən iki aya tikilmiş bina ən müasir standartlara cavab verir. Ümumi sahəsi 720 kvadratmetr olan binada uşaqlar üçün oyun zalı, yataq, yemək, dərs, həkim müayinəsi otaqları vardır. Burada Heydər Əliyev guşəsi də yaradılmışdır. Həyətdə karusellər qoyulmuş, oyun meydançası, gəzinti yerləri düzəldilmişdir. 800 kvadratmetrə yaxın ərazidə yaşıllıq salınmış, müxtəlif bəzək kolları və güllər əkilmişdir. Binanın öz qızdırıcı sistemi də vardır.

Prezident İlham Əliyev Heydər Əliyev guşəsinə, görkəmli alim Zərifə xanımın fotoşəkillərinə baxdı, ayrı-ayrı otaqları gəzdi, yaradılan yüksək şəraitdən razılığını bildirərək, bunu xalqımızın gələcəyi olan uşaqlara göstərilən qayğının təzahürü kimi qiymətləndirdi.

Azərbaycan Prezidenti və ailə üzvləri uşaqlarla xatirə şəkli çəkdirdilər.


BAKI.09.09.2005. AzerTAc.