Əbədiləşən adı

“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi istifadəyə verilmişdir

2008-ci il yanvarın 8-də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan gəmi-bərə istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmək üçün gəmi-bərənin yan aldığı Yaxt-kluba gəldi.

Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov dövlətimizin başçısına məlumat verdi ki, gəmi-bərə Xorvatiyanın Ulyanik tərsanəsində tikilmişdir. Ən müasir naviqasiya sisteminə malik, uzunluğu 154,5 metr, eni 17,5 metr olan gəmi-bərə dəmiryol vaqonlarının daşınması üçün nəzərdə tutulmuşdur. Tam yükgötürmə qabiliyyəti 5985 ton olan gəmi-bərəyə eyni vaxtda 52 dəmiryol vaqonu yükləmək mümkündür. Bu, Xəzər Dəniz Gəmiçiliyində sayca 8-ci gəmi-bərədir və özündən əvvəlkilərdən yükgötürmə qabiliyyətinin çox olmasına görə fərqlənir. Əvvəlki gəmi-bərənin hər biri cəmi 28 vaqon götürə bilir.

Gəmi-bərə ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, vaqonların yerləşdirilməsi üçün ən müasir metodlar tətbiq edilir. Burada uzaq məsafələrə daşınan vaqonların daha sıx dayanması üçün xüsusi qurğulardan və liftlərdən istifadə olunur. Dövlətimizin başçısı İlham Əliyev vaqonların aşağı mərtəbəyə endirilməsi üçün istifadə edilən qaldırıcı qurğuya da baxdı.

“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində istifadə olunacaqdır. Onunla Aktau və Türkmənbaşı limanlarına yük vaqonları daşınacaq və bu, Xəzər dənizində yükdaşımaların intensivliyinə təsir göstərəcəkdir.

Prezident İlham Əliyev gəmi-bərənin yuxarı mərtəbəsindəki qayıq göyərtəsində də oldu. Bildirildi ki, bütün ekstremal vəziyyətlərə hazır olan gəmidə yüksək təhlükəsizlik sistemi quraşdırılmış, xilasetmə qayıqları qoyulmuşdur.

Dövlətimizin başçısı gəmi-bərədə akademik Zərifə xanım Əliyevanın xatirəsinə yaradılan muzeyə də baxdı. Burada görkəmli oftalmoloq alimin həyat və fəaliyyətinə dair fotoşəkillər toplanmışdır.

Məlumat verildi ki, gəmidə heyət üzvlərinin fəaliyyəti və istirahəti üçün bütün şərait yaradılmışdır. Azərbaycan Prezidenti müxtəlif otaqları gəzdi, kapitanın iş otağına baxdı.

Sonra kapitan körpüsünə gələn Prezident İlham Əliyev buradakı cihazlarla tanış oldu. Bildirildi ki, yüksək standartlara cavab verən avadanlıqların quraşdırıldığı kapitan körpüsündə nadir idarəetmə mərkəzi yaradılmış və bütün sistem kompyuterləşdirilmişdir. Radarlar 200 kilometr radiusda bütün üzən obyektlərin koordinatlarını, sürətini və istiqamətini müəyyən etməyə imkan verir.

Prezident İlham Əliyev gəmi-bərənin istifadəyə verilməsini bildirən düyməni basdı, heyət üzvlərinə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.