Xəbərlər

Görkəmli alim, sədaqətli ömür yoldaşı, qayğıkeş ana


Aprelin 26-da “Avropa” mehmanxanasında Heydər Əliyev Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihəsi çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illiyi ilə əlaqədar hazırlanmış multimedia diskinin, www.zarifa-aliyeva.az saytının və poçt markasının təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimində Prezidentin İcra Aparatının humanitar-siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak etmişlər.

Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Layihə barədə məlumat verən nazir qeyd etmişdir ki, fitri istedada malik Zərifə xanımın böyük həyat yolunu bir disklə işıqlandırmaq o qədər də asan olmamışdır. Layihənin icrasına Heydər Heydər Əliyev Fondunun prrezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bilavasitə rəhbərlik etmişdir.

Alimin yüksək insani keyfiyyətlərindən danışan Milli Məclis sədrinin müavini Bahar Muradova bildirmişdir ki, Zərifə xanım ləyaqətli, humanist, xeyirxah, mehriban insan olmuşdur. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq onun həyat tərzi idi. Zərifə xanım görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur.

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışan akademiklər Akif Əlizadə və Adilə Namazova qeyd etmişlər ki, o, aktual mövzulara həsr edilmiş tədqiqatlar aparmış, bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması yollarında dəyərli elmi tədqiqatlar aparmışdır.

Qeyd edilmişdir ki, Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqəsinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. Zərifə xanım qədirbilən övlad, məşhur alim, istedalı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.

Mərasimdə multimedia diski və videoçarx nümayiş etdirilmişdir. Azərbaycan, rus və ingilis dillərində olan videoçarxda Zərifə xanım Əliyevanın səciyyəvi xüsusiyyətləri üç aspektdə göstərilmişdir: oftalmoloq, sadiq həyat yoldaşı, qayğıkeş ana.

Üç dildə hazırlanan multimedia diski və internet saytı “Portret”, “Həkim-oftalmoloq”, “Ömür-gün yoldaşı”, “Ana”, “Xatirələr” və “Elegiya” bölmələrindən ibarətdir. Hər bölmədə 50-yə yaxın fotoşəkil və mətn yerləşdirilmiş, Zərifə Əliyevanın həyat və yaradıcılığından söhbət açılmış, həkim və alim kimi fəaliyyəti ətraflı işıqlandırılmışdır. Videoçarxda alimin ömrünün son günləri ilə bağlı kadrlar da canlandırılmışdır.

Sonda Zərifə Əliyevanın 85 illik yubileyinə həsr edilmiş poçt markası təqdim edilmişdir. Filateliya muzeyinə veriləcək markaların nüsxələrini rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin sədr müavini və Milli Məclisin sədr müavini Bahar Muradova, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icraçı katibi Əli Əhmədov, səhiyyə naziri Oqtay Şirəliyev, akademik Cəmil Əliyev və digər şəxslər imzalamışlar.

BAKI. 26.04.2008. AzərTAc.