Xəbərlər

“Zərifə Əliyeva – ana, qadın və alim” müsabiqəsinə yekun vurulmuşdur


Aprelin 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Təhsil Nazirliyi ilə birgə “Uşaq ili “ çərçivəsində akademik Zərifə Əliyeva adına ümumtəhsil orta məktəbində yuxari sinif şagirdləri arasında Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zərifə Əliyeva-ana, qadın və alim” mövzusu üzrə təqdimat müsabiqəsi təşkil etmişdir.

Əvvəlcə tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın məktəbin qarşısındakı abidəsi önünə gül dəstəsi qoymuşlar.

Zərifə xanım Əliyevanın ömür yolundan danışan komitə sədri Hicran Hüseynova demişdir ki, hər dəfə bu gözəl insanı, görkəmli alimi xatırlayanda dərin kədər hissi keçiririk. Amansız ölüm Zərifə xanıma öz arzularını, planlarını sona qədər həyata keçirməyə imkan vermədi. Zərifə xanım az yaşadı, lakin mənalı və şərəfli bir ömür sürdü. Bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışdı.

Zərifə xanım Əliyeva qayğıkeş, mehriban ana, vəfalı, sadaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi, saf insan idi. O, xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlərin nəsildən-nəslə irsən keçdiyi bir ailədə dünyaya gəlmişdir. Görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin övladı kimi uşaqlıqda bu gözəl ailədə yiyələndiyi xüsusiyyətlər gələcək həyatında Zərifə xanıma düzgün yol göstərmişdir. Zərifə xanım həkimliyi ilə insanlara təmənnasız sevgi bəxş etmişdir. İşıq daim onun həyatının mənası olmuşdur. O, insan, həkim, ana və qadın kimi əvəzolunmaz şəxsiyyət idi.

Zərifə xanım Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksəkixtisaslı tibb işçilərinin, layiqli Vətən övladlarının hazırlanmasında böyük xidmətlər göstərmişdir. O, 1983-cü ildə təbabətdə qazandığı uğurlara görə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) akademiki seçilmişdir. Zərifə xanım Əliyeva Azərbaycan oftalmoloqları arasında Akademiyanın həqiqi üzvü seçilmiş ilk alimdir.

Təhsil nazirinin müavini İradə Hüseynova, Zərifə Əliyeva adına ümumtəhsil orta məktəbinin direktoru Məhəbbət Vəliyeva, 5 nömrəli uşaq poliklinikasının baş həkimi Edilə Seyidova görkəmli alimin oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışmışlar.

Tədbirdə Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş slaydlar təqdim edilmişdir.

Müsabiqədə ən yaxşı təqdimat edən şagirdlər AQUPDK tərəfindən mükafatlandırılmışlar.

BAKI. 27.04.2009. AzərTAc.