Aprelin 28-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlamışdır.
Tədbirə dünyanın 10 ölkəsindən 50-yə yaxın mütəxəssis qatılmışdır.
Konfransda Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, görkəmli alimin elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev konfransı açaraq, bildirmişdir ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır.
Nazir bildirmişdir ki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçmiş Zərifə xanım 1950-ci ildə aspiranturaya daxil olmuşdur. Uğurlu elmi axtarışlar nəticəsində alim oftalmologiya elminə böyük töhfələr vermiş və müxtəlif məsul vəzifələrdə çalışmışdır.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, Türk Cümhuriyəti Oftalmoloji Dərnəyinin sədri Sunay Duman, Rusiya Tibb Elmləri Akademiyasının akademikləri Alevtina Brovkina, Larisa Moşetova və başqaları bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən Zərifə xanımın zəngin elmi irsi, bu gün də öz aktuallığını itirməyən tədqiqatları, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlərindən danışmışlar. Bildirilmişdir ki, Zərifə xanım vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirmə təklifinin müəllifidir. Görkəmli alim yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf etmişdir.
Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, ümumittifaq “Vestnik oftalmologii” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür
Tədbirdə Zərifə Əliyevaya həsr olunmuş kitabın təqdimatı da olmuşdur.
Aprelin 30-dək davam edəcək konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.
BAKI. 28.04.2010. AzərTAc.