Xəbərlər

“Zərifə Əliyeva - Ana, Qadın və Alim” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar


Aprelin 28-də Azərbaycanın Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim, gözəl insan, fədakar ana Zərifə Əliyevanın doğum günüdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) hər il olduğu kimi, bu il də onun unudulmaz xatirəsinə həsr olunmuş “Zərifə Əliyeva - Ana, Qadın və Alim” mövzusunda inşa müsabiqəsi keçirmişdir.

AQUPDK Səbail Rayon İcra Hakimiyyəti ilə birgə aprelin 27-də 6 nömrəli məktəbdə inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimini keçirmişdir.

Əvvəlcə tədbirin iştirakçıları Fəxri xiyabana gələrək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzmüşlər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülmüş, xatirəsi ehtiramla yad edilmişdir.

Mərasimdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görkəmli alim, humanist, alicənab bir qadın, səmimi insan kimi nümunəvi həyat yolu, bugünkü nəsil üçün əsl örnək, kamillik və müdriklik məktəbi olan Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş müsabiqənin keçirilməsinin vacibliyini qeyd etmişdir. A.Əsgərov demişdir ki, hər bir məktəbli üçün Zərifə Əliyeva haqqında yazmaq böyük fəxr və şərəfdir. Çünki akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanınmasında əvəzsiz xidmətləri olmuşdur.

Səbail rayonu məktəblilərinin iştirak etdiyi müsabiqədə hər məktəbdən bir ən yaxşı inşa olmaqla 19 yazı seçilərək AQUPDK-yə təqdim olunmuşdur. Münsiflər heyəti tərəfindən həmin işlərdən 3 ən yaxşı inşa seçilmişdir.

Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışan AQUPDK-nın sədri Hicran Hüseynova demişdir ki, yüksək vətəndaşlıq mövqeyi, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmət və sevgisini qazanmış Zərifə xanım, ilk növbədə, böyük və parlaq şəxsiyyət idi. O, görkəmli dövlət xadimi, xalqımızın sədaqətli oğlu Əziz Əliyevin ailəsində doğulub böyümüş, gözəl tərbiyə və mükəmməl təhsil almışdı. Əsil-nəcabətli ziyalı mühitində formalaşan Zərifə xanım qayğıkeş və mehriban ana kimi övladlarına da ən yüksək mənəvi keyfiyyətləri aşılamışdı. Zərifə Əliyeva ətrafına nur saçan böyük ziyalı idi. O hesab edirdi ki, insan biliyi ilə mütləq cəmiyyətə fayda verməli, xeyirxah əməlləri ilə özündən sonra iz qoymalıdır.

H.Hüseynova qeyd etmişdir ki, yüksək səviyyəli peşəkar kimi neçə-neçə insanın gözünə işıq verib, onları həyata qaytaran akademik Zərifə Əliyeva həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəmət və şəfqətdir. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin zəka sahibi Zərifə xanım ulu öndərə etibarlı mənəvi dayaq idi.

Alimin yüksək insani keyfiyyətlərindən danışan Milli Məclis sədrinin müavini Bahar Muradova bildirmişdir ki, Zərifə xanım ləyaqətli, humanist, xeyirxah, mehriban insan olmuşdur. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq onun həyat tərzi olmuşdur. B.Muradova gənc nəslin mənəvi tərbiyəsi üçün olduqca vacib olan belə maraqlı tədbirlərin təşkilini yüksək qiymətləndirmiş və demişdir ki, akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin nailiyyətlərinin xarici ölkələrdə də tanınmasına müvəffəq olmuşdur. Bu gün Azərbaycanın tibb sahəsində Zərifə Əliyevanın böyük təcrübəsindən istifadə olunur.

Tədbirdə Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş olunmuş, musiqi nömrələri təqdim edilmişdir.

Sonda qaliblər mükafatlandırılmışlar. Bakı Oksford Məktəbinin şagirdi İlkin Əsgərli (10-cu sinif) birinci yerə, 236 nömrəli məktəbin şagirdi Nigar Mehbalıyeva (9-cu sinif) ikinci yerə, 132/134 nömrəli məktəbin şagirdi Nigar Məmmədli (9-cu sinif) və 239 nömrəli məktəbin şagirdi Ayla Nağıyeva (9-cu sinif) üçüncü yerə layiq görülmüşlər.

BAKI. 28.04.2012. AzərTAc.