Azərbaycan Dillər Universitetində (ADU) “Respublikada oftalmologiya elminin inkişafında akademik Zərifə Əliyevanın xidmətləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
ADU-nun mətbuat xidmətindən bildirmişlər ki, tədbir “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2013-cü il 7 fevral tarixli Sərəncamına əsasən təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açan prorektor Ələddin Əliyev Zərifə Əliyevanın həyat tarixçəsi haqqında qısa məlumat vermişdir. Prorektor Zərifə Əliyevanın yubileyinin qeyd olunmasının şərəfli bir hadisə olduğunu və onun elmi fəaliyyətinin gənclərə tanıtmağın vacibliyini bildirmişdir.
Sonra tədbirin təşkilatçısı, mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova Azərbaycan xalqının görkəmli ziyalı qadını, akademik Zərifə Əliyeva haqqında geniş söhbət açmışdır. Bildirmişdir ki, Zərifə Əliyeva dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin-peşə oftalmologiyasının əsasını qoymuşdur.
Kafedra müdiri bu tədbirlərin silsilə xarakteri daşıdığını və davamlı olacağını söyləmişdir.
BAKI. 16.03.2013. AzərTAc.