Aprelin 26-da Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Elmi tədbirdə dünyanın tanınmış alimləri iştirak etmişlər.
Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, əklil qoymuş və xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilmiş və önünə əklil qoyulmuşdur.
Konfransda səhiyyə naziri Oqtay Şirəliyev görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyatı və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Alimin yüksək insani keyfiyyətlərini, Azərbaycan oftalmologiya elminin inkişafındakı əvəzsiz xidmətlərini vurğulamışdır. Zərifə Əliyevanın oftalmologiyanın aktual problemlərinə həsr olunmuş fundamental tədqiqatlarının bu gün də çox məşhur olduğunu bildirmişdir.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov alimin dünya oftalmologiya elminə verdiyi töhfələri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Xarici ölkə alimləri isə Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşmüş, onun dünya elminə verdiyi töhfələrdən söz açmışlar.
Beynəlxalq konfransda 20-dən çox məruzə dinlənilmiş, müzakirələr aparılmışdır.
BAKI. 26.04.2013.AzərTAc.