Aprelin 26-da miniatür kitab muzeyində miniatür nəşrlərin – yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli insanların həyatı” seriyasından Azərbaycan dilində “Akademik Zərifə Əliyeva” və rus dilində “Əziz Əliyev-115” kitablarının təqdimatı olmuşdur.
Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın tibb elminə misilsiz töhfəsindən danışmışdır.
Qeyd edilmişdir ki, son illər “Görkəmli insanların həyatı” seriyasında yazıçı Hüseynbala Mirələmovun “Heydər Əliyev” və “İlham Əliyev” kitabları çap edilmişdir. Müəllifin “Akademik Zərifə Əliyeva” kitabı rus dilində 2010-cu ildə Moskvada “Molodaya qvardiya” nəşriyyatında çapdan çıxmışdır. Bu il “Akademik Zərifə Əliyeva” kitabı “Azərbaycan” nəşriyyatında Azərbaycan dilində və Kifayət Əhmədqızının tərcüməsində ingilis dilində çap olunmuşdur.
Belə təqdimatlarda həmişə olduğu kimi, bu dəfə də Zərifə Salahova əlamətdar günə necə hazırlaşmasından ətraflı bəhs etmişdir. 2010-cu ildən nəşrlərin hazırlanması üzərində işləmiş, material toplamışdır. “Akademik Zərifə Əliyeva” miniatür nəşri 100 nüsxə tirajla buraxılmışdır. Burada 29 fotoşəkil yerləşdirilmişdir. 240 səhifəlik kitab tanınmış alim, gözəl insan və ana, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyevanın həyatının bütün əsas mərhələlərini əks etdirir.
Tədbirdə Xalq Yazıçısı Natiq Rəsulzadə, publisist, Milli Məclisin deputatı Elmira Axundova, Azərbaycan Tibb Universitetinin prorektoru, professor Sabir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, baş kardioloq, professor Faiq Quliyev çıxış edərək Zərifə Əliyeva haqqında xatirələrini bölüşmüşlər. Tanınmış həkim, ictimai xadim, diplomat, ölkənin rəhbər işçilərindən biri olmuş Əziz Əliyevin qızı qeyri-adi təmkini, xəstələrinə qarşı xüsusi mehribanlığı və qayğıkeşliyi ilə fərqlənən əsl həkim olmuşdur. Əsl-nəcabətli ailədən çıxması, yüksək əxlaqi mədəniyyəti, gözəl ana və qadın keyfiyyətləri, humanizmi və insanpərvərliyi, hərtərəfli intellekti Zərifə xanıma ümumxalq məhəbbəti və ehtiramı qazandırmışdır.
Qeyd edilmişdir ki, kitabda yer almış faktlar və xatirələr, bədii təsvirlər, lirik və fəlsəfi düşüncələr bir-birini tamamlayır.
H.Mirələmov iştirakçılara “Əziz Əliyev-115” miniatür nəşrini təqdim etmişdir. 100 nüsxə tirajla buraxılmış 368 səhifəlik kitabda 44 fotoşəkil yerləşdirilmişdir.
Tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar Həkimi, məşhur pedaqoq, səhiyyə və təhsil sahəsində əvəzsiz təşkilatçı, dövlət və partiya xadimi, diplomat Əziz Əliyev Azərbaycan tarixində silinməz iz qoymuşdur.
Diplomat, Azərbaycan SSR-in xalq səhiyyə komissarı (1939-1941-ci illər), Azərbaycan SSR Ali Sovetinin sədri (1941-1944-cü illər”, ÜK(b)P Dağıstan vilayət komitəsinin birinci katibi (1942-1948-ci illər), Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru – Əziz Əliyevin çalışdığı vəzifələrin natamam siyahısı belədir.
Sonrakı illərdə Ə.Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuş, SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
1941-ci ilin yayında, alman faşistlərinin SSRİ-yə hücumu başlandıqdan sonra sovet rəhbərliyi ölkənin cənub sərhədlərini mümkün hücumlardan qorumaq üçün İran ərazisinə, Cənubi Azərbaycana hərbi kontingentin yeridilməsi barədə qərar qəbul etdi.
SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1941-ci ilin sentyabrında polkovnik-komissar Əziz Əliyev Təbrizdə yerləşdirilmiş 47-ci ordunun hərbi şurasının üzvü təyin edildi. Cənubi Azərbaycanda olduğu təxminən yarım il ərzində Ə.Əliyevin başçılıq etdiyi missiya məsul vəzifələr yerinə yetirmişdir.
Ə.Əliyev tezliklə daha məsul vəzifəyə - Kommunist Partiyasının Dağıstan Vilayət Komitəsinin birinci katibi təyin edilmişdir.
O zaman faşist qoşunları Qafqaz dağları yaxınlığında, Dağıstanın girəcəyində idi, orada son dərəcə mürəkkəb vəziyyət yaranmışdı. Hitler qoşunları neftə yiyələnmək üçün Bakıya can atırdılar. Bundan əvvəl həmin regionda yaşayıb-işləməmiş Ə.Əliyev faşist qoşunlarının irəliləməsinə yol verməmək üçün qısa müddətdə Dağıstanda vəziyyəti sabitləşdirib bu çoxmillətli diyarın əhalisini öz ətrafında sıx birləşdirə bildi.
H.Mirələmov öz çıxışında kitabların yaranmasında iştirak edən şəxslərə minnətdarlığını bildirmiş və demişdir ki, bioqrafik seriyadan yeni kitablar nəşr etməyi planlaşdırır.
BAKI. 26.04.2013. AzərTAc.