İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) konfrans zalında Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Azərbaycanın Rusiyadakı Səfirliyi, Heydər Əliyev Fondu və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Universitetin beynəlxalq məsələlər üzrə prorektoru Pyotr Litvitski, Zərifə xanımı şəxsən tanıyan, onunla birgə işləmiş, onun şagirdləri olmuş, İ.M.Seçenov adına Universitetdə işləyən əməkdaşlar iştirak etmişlər.
Foyedə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən fotosərgi təşkil edilmişdir. Sərgidə Zərifə xanımın həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər onu qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı, görkəmli ictimai xadim və oftalmoloq alim kimi səciyyələndirir.
Zaldakı monitorda yubilyarın həyat yoldaşı Heydər Əliyevlə, öz valideynləri, övladları və nəvələri ilə birgə çəkilmiş ailə fotoşəkilləri göstərilirdi.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xatirə gecəsini açaraq qeyd etmişdir ki, Zərifə xanım Əliyeva görkəmli dövlət xadimi və ictimai xadim Heydər Əliyevin həyat yoldaşı, həm də böyük alim idi. Zərifə xanım Azərbaycanda traxoma və digər təhlükəli göz xəstəliklərinin kökünün kəsilməsi üçün çox iş görmüşdür. Gənc alimləri həmişə dəstəkləyən Zərifə Əliyeva bütöv bir elmi məktəb yaratmışdır. P.Bülbüloğlu demişdir: “Mən xoşbəxtəm ki, Zərifə xanımın sağlığında dəfələrlə onunla ünsiyyətdə olmuşam. O, ziyalı və yaradıcı insan idi. Bu keyfiyyətlər ona irsən keçmişdir. Zərifə xanımın atası Əziz Əliyev görkəmli partiya və təsərrüfat xadimi olmuşdur. Böyük Vətən Müharibəsinin ən gərgin dövründə arxa cəbhədə normal fəaliyyət üçün şərait yaratmaq məqsədi ilə Əziz Əliyev Dağıstana rəhbər kimi göndərilmişdir. Bu, həm böyük məsuliyyət, həm də yüksək etimad idi. Mahaçqalada Əziz Əliyevin yaşadığı binada xatirə lövhəsinin açılışında mən də iştirak etmişəm. Dağıstanda onun xatirəsinə hələ də dərin ehtiram bəslənilməsinin şahidi olmuşam . Onun xeyirxah əməlləri barədə xatirə Dağıstan sakinlərinin qəlbində yaşayır”.
Səfir vurğulamışdır ki, keçən əsrin 60-cı illərində gənc incəsənət xadimləri Zərifə xanımın dəstəyini daim hiss edirdilər. O, konsertlərə, sərgilərə gedir və gənclərin təşəbbüslərini həmişə alqışlayırdı. Polad Bülbüloğlu demişdir: “Zərifə xanım çox xeyirxah insan idi. Buna görə də insanlar onunla ünsiyyətdə olmağa can atırdı. O, öz ətrafında səmimi ab-hava yaratmağı bacarırdı. Zərifə xanım Azərbaycanın indiki Prezidenti İlham Əliyevin anasıdır. İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil almışdır, onun tərbiyəsi isə, ilk növbədə, öz ailəsindən, valideynlərinin səviyyəsindən qaynaqlanmışdır. Mənim fikrimcə, bu gün İlham Əliyevin suveren Azərbaycan dövlətinin Prezidenti olmasında da Zərifə xanımın böyük xidmətlərini qeyd etmək lazımdır”.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Pyotr Litvitski təntənəli xatirə gecəsinin iştirakçılarını MDTU-nun rektoru P.Qlıboçkonun, universitetin müəllimləri və tələbələri adından salamlamışdır. O, öz çıxışında qeyd etmişdir ki, akademik Zərifə Əliyeva öz işinin əsl peşəkarı idi. Onun elmi əsərləri traxoma, qlaukoma, görmə orqanlarının peşə xəstəlikləri mövzularına həsr edilmişdir. Zərifə xanımın elmi məqalələri bu gün də dünyanın müxtəlif ölkələrinin gənc həkimləri tərəfindən öyrənilir. Zərifə Əliyeva Sovet və Rusiya oftalmologiyasının görkəmli nümayəndələri ilə sıx peşəkar və dostluq əlaqələri saxlayırdı.
P.Litvitski qeyd etmişdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva MDTU-nun fəxri professorudur. Prorektor demişdir: “Keçən il Mehriban xanıma “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin xatirə nişanı və fəxri professoru” diplomu təqdim edilmişdir. Həmin mərasimdə Mehriban Əliyeva ona təqdim edilmiş “Birlik Ulduzu” Beynəlxalq mükafatının pul hissəsini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə köçürməyi qərara aldığını bildirmişdir. Həmin vəsait hesabına Universitetdə laparoskopik tədqiqatlar üçün unikal aparat alınmışdır”.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin refraksiya və oftalmoerqonomika şöbəsinin rəhbəri, Zərifə xanımın şagirdi, professor Rasim Hacıyev unikal elmi araşdırmalar aparılan və müxtəlif göz xəstəlikləri müalicə edilən Mərkəzin işi barədə məlumat vermişdir. Professor Hacıyev demişdir: “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu böyük alimin xatirəsinə ehtiram əlamətidir”.
MOSKVA. 26.04.2013 AzərTAc.
Texniki dəstək: Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi