Xəbərlər

Milli Kitabxanada Azərbaycan və ingilis dillərində nəşr edilən “Zərifə Əliyeva” kitabının təqdimatı olmuşdur


Aprelin 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” bioqrafik silsiləsindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Zərifə Əliyeva” kitabının təqdimat mərasimi keçirilmişdir.

Mərasimi giriş sözü ilə açan kitabxananı direktoru Kərim Tahirov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın dünya tibb elminə verdiyi əvəzolunmaz töhfələrdən danışmışdır. Bildirmişdir ki, son illər “Görkəmli adamların həyatı” seriyasından yazıçı Hüseynbala Mirələmovun “Heydər Əliyev” və “İlham Əliyev” kitabları da çap olunmuşdur. Müəllifin “Zərifə Əliyeva” kitabı 2010-cu ildə Moskvadakı “Molodoya qvardiya” nəşriyyatında rus dilində çap olunmuşdur. Bu il isə “Azərbaycan” nəşriyyatında Kifayət Əhmədqızının tərcüməsi ilə “Zərifə Əliyeva” kitabı Azərbaycan və ingilis dillərində işıq üzü görmüşdür. Bu kitablar bir nəslin üç böyük şəxsiyyətinə müəllifin dərin ehtiramının ifadəsidir.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev isə Zərifə xanım Əliyevanın daim Azərbaycanı düşündüyünü, insanlar üçün çalışdığını, ehtiyacı olanlara həmişə kömək durduğunu diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Zərifə Əliyeva xəstələrinə qarşı olduqca səbirli və təmkinli, onun dərdlərinə həssas, istəklərinə qayğıkeş münasibət bəsləyən bir həkim idi. Onun taleyinə Əziz Əliyev kimi böyük bir həkimin, ictimai xadimin, diplomatın, ölkənin rəhbərlərindən birinin qızı olmaq, eyni zamanda, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin sevgisini qazanmaq və 1969-cu ildən Azərbaycanın birinci xanımı olmaq, həkim oftalmoloq kimi akademiklik zirvəsinə yüksəlmək, Prezident İlham Əliyev kimi oğulun anası olmaq, Mehriban xanım kimi nadir xarakterə, nurlu qəlbə, böyük istedada malik gəlinin qaynanası olmaq şərəfi yazılmışdı. Zərifə Əliyevanın əsli-nəcabəti, yüksək mənəvi mədəniyyəti, ali analıq və qadınlıq duyğusu, millətə və dövlətə sevgisi, humanizm və insanpərvərliyi, tarixi keçmişimizə hörməti, sivil dünyanı heyrətə salan böyük intellekti bu nəcib xanıma ümumxalq ehtiramı qazandırmışdır.

Qeyd edilmişdir ki, bu gün Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva böyük siyasi iradə və qalibiyyət əzmi ilə dahi ulu öndər Heydər Əliyevin və görkəmli alim Zərifə xanım Əliyevanın arzularını həyata keçirir, böyük nəslin dastanının yeni səhifələrini yaradırlar.

Nazir müavini bu seriyadan olan kitabların bundan sonra da yazılmasının vacibliyini bildirmişdir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan qadınlığı üçün zirvə və örnək olan Zərifə Əliyeva haqqında əsər yazmağın böyük məsuliyyət tələb etdiyini və H.Mirələmovun bu işin öhdəsindən gəldiyini bildirmişdir. Qeyd etmişdir ki, bu əsər Zərifə xanım Əliyevanın timsalında qadın məhəbbəti, qadın sədaqəti, pak qadın mənəviyyatı, qadın şəxsiyyəti, qadın dəyanəti, xanımlıq məktəbi, sadəlik və səmimiyyət haqqında ensiklopediyadır.

Digər çıxış edənlər də 16 fəsildən ibarət olan “Zərifə Əliyeva” kitabının məziyyətlərindən danışmış, görkəmli şəxsiyyətin zəngin həyatını və elmi fəaliyyətini əks etdirən maraqlı bədii-publisistik materialların və fotoşəkillərin toplandığı kitabın bu böyük insana həsr olunan çoxsaylı qiymətli nəşrlər arasında özünəməxsus yer tutduğunu söyləmişlər.

Əsərin nəcib bir Azərbaycan qadını, görkəmli oftalmoloq alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar və qayğıkeş ana Zərifə Əliyeva haqqında əbədiyyət dastanı olduğu vurğulanmışdır.

Qeyd edilmişdir ki, kitabda fakt və xatirə, bədii təsvir, lirik tərənnüm və fəlsəfi mühakimə bir-birini tamamlayır. Kitabda göz həkimi, humanist insan Zərifə xanım Əliyeva barəsində yer almış bir-birindən maraqlı xatirələrin işığında onun obrazı daha nəcib, səmimi və ülvi təsir bağışlayır.

Kitabın müəllifi H.Mirələmov isə çıxışında nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür etmiş və bioqrafik silsilədən yeni-yeni kitablar yazacağını söyləmişdir.

Tədbirdə, həmçinin Zərifə Xanım Əliyeva ilə bağlı “Vəfa dərsi” adlı klip nümayiş etdirilmişdir.

Tədbirin sonunda isə iştirakçılar Milli Kitabxana tərəfindən təşkil olunmuş “Zərifə Əliyeva-90” kitab sərgisinə baxmışlar.

BAKI.22.04.2013. AzərTAc.