Murmanskda görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Rusiya Azərbaycanlıları Konqresi (RAK) Murmansk regional şöbəsi sədrinin müavini Vüsal İbrahimov görkəmli alimin parlaq ömür yolundan, elmi fəaliyyətindən danışmışdır.
Bildirilmişdir ki, tanınmış oftalmoloq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Zərifə Əliyeva göz xəstəliklərinin bir neçə müalicə metodunu işləyib hazırlamış və təcrübədə tətbiq etmişdir.
Respublikamızda tibb elminin inkişafına əhəmiyyətli töhfə vermiş akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə həsr olunmuş sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına və həkimlərin yeni nəslinin yetişməsinə güclü təsir göstərmişdir. Zərifə Əliyevanın əmək fəaliyyətinin böyük hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçmişdir. Görkəmli alim 14 monoqrafiyanın, yüzlərlə elmi məqalənin, 12 səmərələşdirici təklifin müəllifidir.
Yubiley tədbirində müxtəlif milli diaspor təşkilatlarının nümayəndələri, jurnalistlər, ictimai xadimlər və Rusiyanın Murmansk vilayəti İctimai Palatasının üzvləri iştirak etmişlər.
RAK Murmansk şöbəsi mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov bildirmişdir ki, regional şöbənin ofisində “Oftalmoloq, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Zərifə Əziz qızı Əliyeva” adlı sərgidə Hüseynbala Mirələmovun “Tanınmış adamların həyatı” biblioqrafik silsiləsindən görkəmli alim Zərifə Əliyeva haqqında kitabları nümayiş olunmuşdur.
Tədbirdə Azərbaycan və rus dilində şeirlər, mahnılar səslənmişdir.
BAKI.20.04.2013. AzərTAc.