Xəbərlər

Akademik Zərifə Əliyeva tanınmış tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilmişdir


Azərbaycanın Əməkdar Elm Xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı, akademik Zərifə xanım Əliyeva tanınmış tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilmişdir. İnsanların gözlərinə nur verən Zərifə Əliyeva oftalmologiya üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi. Qəlbən təmiz, ruhən nəcib olan bu insan peşəsinin vurğunu idi.

Bu fikirlər aprelin 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş “dəyirmi masa”da səslənmişdir.

Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov demişdir ki, Zərifə xanım Əliyevanın həyatını mənalandıran elmi fəaliyyəti, ailəsi, sadəliyi, xeyirxahlığı, səmimiyyəti və insanlara doğma münasibəti bu nəcib qadının ruhundan şölələnmişdir. Zərifə xanımın insanlara nur bəxş edən hər günü mənalı keçmiş, yalnız xoş əməl naminə sərf olunmuşdur.

İSİM-in həmkarlar komitəsinin sədri Aris Rüstəmov isə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, etibarlı silahdaşı olan, Vətənə Prezident İlham Əliyev kimi ləyaqətli oğul bəxş etmiş, yüksək intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə Əliyevanın həyatı, elmi və ictimai fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir.

Bildirilmişdir ki, Zərifə Əliyeva özünün tədqiqat işlərini əsasən traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir. Alim dünyada ilk dəfə peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.

Akademik Zərifə Əliyevanın həyatının maraqlı anları və elmi fəaliyyətinin əsas istiqamətləri barədə danışan məruzəçi onu həm də görkəmli ictimai xadim kimi səciyyələndirmişdir. Demişdir ki, Zərifə xanım Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

Tədbirdə Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasının müdiri, professor Paşa Qəlbinur, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, professor Rasim Hacıyev və başqaları çıxış edərək dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın yüksək insani keyfiyyətlərindən, eləcə də Azərbaycana, ədəbiyyatımıza, musiqimizə və dilimizə olan sonsuz sevgisindən danışmışlar.

“Dəyirmi masa”da, həmçinin Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın ömür yolu və elmi-ictimai fəaliyyətindən bəhs edən sənədli film də nümayiş olunmuşdur.

BAKI.19.04.2013. AzərTAc.