Sumqayıt Dövlət Universitetində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə universitetin rektoru, professor Nadir Qəhrəmanov akademik Zərifə xanım Əliyevanın həyat yolu, eləcə də oftalmologiya sahəsində xidmətləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır: “Zərifə xanım Əliyeva 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasında da böyük xidmətləri olmuşdur. Zərifə xanım Əliyevanın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsinə mühüm töhfələr vermişdir. 1981-ci ildə Zərifə Əliyeva yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.Averbax adına mükafatına layiq görülmüşdür”.
Sonra Heydər Əliyev Fondunun görkəmli oftalmoloq alimin həyat və peşə fəaliyyətinə həsr olunmuş sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov, universitetin tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev, akademik Ü.Musabəyli adına rayonlararası göz xəstəxanasının baş həkimi İradə Əliyeva və digərləri akademik Zərifə xanım Əliyevanın həyat yolu, peşə fəaliyyəti barədə danışmışlar.
SUMQAYIT. 18.04.2013.AzərTAc.