Xəbərlər

Akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıtmışdır


Aprelin 17-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qayğıkeş və mehriban ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim Zərifə xanım Əliyevanın həyatından, zəngin elmi və yaradıcılıq fəaliyyətindən söhbət açmışdır. Bildirmişdir ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.

Rektor vurğulamışdır ki, Zərifə xanım Azərbaycan oftalmologiya elmini nəinki SSRİ məkanında, hətta dünyada tanıtmışdır. O, böyük səhiyyə təşkilatçısı Zərifə Əliyevanın yetişməsində onun doğulub boya-başa çatdığı mühitin də rolu olduğunu diqqətə çatdırmışdır. Ə.Əmiraslanov demişdir: ”Zərifə xanım Əliyevanın universitetimizin dünya şöhrətli məzunu olması ilə fəxr edirik”.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, professor Paşa Qəlbinur, akademiklər Adilə Namazova, Böyükkişi Ağayev və başqaları Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər. Qeyd olunmuşdur ki, Zərifə xanım Əliyeva sadəlik və xeyirxahlıq mücəssəməsi, Azərbaycan qadınının mükəmməl nümunəsi idi. Onun ömür yolu həkimlik peşəsini özlərinə həyat yolu seçən gənclər üçün örnəkdir.

Diqqətə çatdırılmışdır ki, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir.

Alim dünyada ilk dəfə peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.

Vurğulanmışdır ki, Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

BAKI.17.04.2013. AzərTAc.