Abşeron rayonunun Novxanı kəndində poliklinika istifadəyə verilmişdir.
Səhiyyə ocağının binası “Bir bələdiyyə, bir layihə” proqramı çərçivəsində daxili imkanlar hesabına tikilmişdir. Akademik Zərifə Əliyevanın adını daşıyan poliklinikanın foyesində görkəmli oftalmoloq alimin büstü qoyulmuş, həyat və yaradıcılığını əks etdirən guşə yaradılmışdır. Cərrahiyyə, pediatr, mama-ginekoloq, stomatoloq, terapevt, nevropatoloq və başqa mütəxəssis həkimlər üçün iş otaqları, laboratoriya vardır. Həyətdə aptek də tikilmişdir. Poliklinika müasir tibbi avadanlıqla təchiz edilmişdir.
Açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağının istifadəyə verilməsi münasibəti ilə tibb işçilərini təbrik etmişdir. Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat vermişdir ki, rayonda 12 yeni tibb ocağı tikilir. Ümumiyyətlə, bu il Abşeron rayonunda səhiyyə ili elan edilmişdir.
Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları poliklinika ilə tanış olmuşlar.
BAKI. 05.11.2007. AzərTAc.