Əbədiləşən adı

Estoniya hökumətinin qərarı ilə akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti təsis olunub

2004-cü il dekabrın 15-də Estoniya hökumətinin qərarı ilə Tallin şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti təsis olunub. Tallin şəhər meriyası Viru küçəsi, 11 ünvanında yerləşən binanı yeni təhsil ocağının ixtiyarına verib. Bu barədə Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universitetindən məlumat verilib.

Universitet Tallində fəaliyyət göstərən bir çox assosiasiyaların təşəbbüsü ilə yaradılıb. Təhsil ocağının fəaliyyətinin bir qismini Estoniya hökuməti maliyyələşdirəcək. Universitetin əsas vəzifələri Estoniyada yaşayan bütün xalqları türkdilli və Qafqaz xalqlarının mədəniyyəti, dili və tarixi ilə tanış etmək, müxtəlif millətlər arasında tolerant multimədəni əlaqələr formalaşdırmaq, türkdilli və Qafqaz xalqlarını Estoniyanın mədəniyyəti və tarixi ilə tanış etmək, bu xalqların eston cəmiyyətinə inteqrasiyasına nail olmaqdır. Təhsil ocağında ilkin olaraq filologiya, tarix, mədəniyyətşünaslıq, iqtisadiyyat və hüquq fakültəsinin açılması nəzərdə tutulur. Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universitetindən yeni təhsil ocağının yaradılması üçün xüsusi zərurət olduğunu bildiriblər. “Analoji təhsil ocaqları, slavyan və yəhudi cəmiyyətlərində də yaradılıb. Dünyada baş verən proseslər islam xalqları mövzusunu aktuallaşdırır. Türk xalqlarının böyük əksəriyyəti islamın dünyəvi dəyərlərinə daha çox meyllənir. Universitetdə aparılacaq təşviqat işi islam mədəniyyətinin məhz bu istiqamətini işıqlandıracaq, islam dini ətrafında formalaşdırılmış antihumanist imici dağıtmağa çalışacağıq. Universitetin gələcəkdə mədəniyyət mərkəzinə çevrilməsi istisna olunmur. Bu mərkəz təkcə Estoniyada yaşayan Şərq xalqlarını öz ətrafında birləşdirməyəcək, həm də ölkəyə yeni gələn şəxslər üçün istiqamətverici funksiyanı yerinə yetirəcək”. Yeni təhsil ocağı Tallin Pedaqoji Universitetinin şərqşünaslıq fakültəsinin tələbələrinə təhsil səviyyəsini yüksəltmək üçün əlavə imkanlar yaradacaq. Tələbələr bu universitetdə şərq xalqlarının təmsilçiləri ilə onların öz dilində danışmaq imkanı əldə edəcək.

Akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universitetinin üstün cəhəti odur ki, nə Baltikyanı respublikalarda, nə də Skandinaviya ölkələrində analoji təhsil ocağı yoxdur. Halbuki bu regionlarda kifayət qədər türkdilli xalqların nümayəndələri yaşayır. Universitetdən APA-ya bildirilib ki, dekabrın 20-də universitetin Elmi Şurasının toplantısı keçirilib. Toplantıda soydaşımız, təhsil ocağının rektoru, professor Yaqub Yaqubov Şərq Mədəniyyəti Xalq Universitetinə akademik Zərifə Əliyevanın adının verilməsini təklif edib. O, öz təklifini Zərifə Əliyevanın nüfuzlu alim olması, Azərbaycan və SSRİ-də tibb elminin inkişafı üçün əvəzedilməz işlər görməsi ilə əsaslandırıb. Elmi Şuranın qərarı ilə təhsil ocağına akademik Zərifə Əliyevanın adı verilib. Qeyd edək ki, yeni təhsil ocağının yaradılması təşəbbüsünü gerçəkləşdirən Türk və Qafqaz Xalqları Assosiasiyasında 16 mədəni mərkəz birləşib. Assosiasiyaya “ABAY” qazax mədəniyyət mərkəzi, qırğız mədəniyyət mərkəzi, “Nart” çərkəz mədəniyyət mərkəzi, Dağıstan mədəniyyət cəmiyyəti, Estoniyada Azərbaycan diasporası XXI əsr“ təşkilatı, Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti, Estoniya-Azərbaycan Dostluq Cəmiyyətinin Pyarnusk filialı, Azərbaycan diasporası XXI əsr“ təşkilatının Koxtla-Yarevsk və Tartu filialları, Estoniya türkdilli və Qafqaz xalqları assosiasiyası, “Qafqaz” və “Atatürk” mədəni mərkəzləri, Dağıstan ləzgi mədəniyyət mərkəzi, TKREA Avropa idman klubu və Şərq xalqlarının qadın klubu daxildir. Assosiasiyanı “Nart” çərkəz mədəniyyət mərkəzinin sədri Sadiq Alborov, qırğız mədəniyyət mərkəzinin sədri Dıykanbay Maderbekov və “Dostluq” Estoniya-Azərbaycan cəmiyyətinin sədri Yaqub Yaqubov təsis edib.