İrpendə Zərifə Əliyeva adına Dostluq Parkında yay Uşaq yaradıcılığı klubu açılmışdır

Ukraynanın İrpen şəhərində Şəhər Şurasının, Ukraynada Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) təşəbbüsü və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyeva adına Dostluq Parkında Uşaq yaradıcılıq və istirahət klubunun açılışı olmuşdur.

UAGİ-dən bildirmişlər ki, İrpen Şəhər Şurasının mədəniyyət turizm şöbəsinin rəisi Yevgeniya Antonyuk açılış mərasimində çıxış edərək bu gözəl bayramda iştirak edənləri salamlamış uşaqlar üçün yay klubunun təşkilinə göstərdiyi dəstəyə görə ARDNŞ-a minnətdarlığını bildirmişdir.

ARDNŞ-ın Ukrayna nümayəndəliyinin başçısı Həzi Aslanov tədbirdə çıxış edərək, İrpendə belə gözəl uşaq guşəsinin açılması münasibətilə valideynləri və uşaqları təbrik etmişdir. O qeyd etmişdir ki, ARDNŞ belə tədbirləri dəstəkləməyə həmişə hazırdır.

Ukraynada Azərbaycanlı Gənclər İttifaqının başçısı Anar Tahirov klubun açılmasının gənc irpenlilərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün zəruriliyini vurğulayaraq uşaqlara bol sevinc və sağlamlıq arzulamışdır.

Rəsmi hissə başa çatandan sonra kluba uşaqların asudə vaxtlarını daha maraqlı və dolğun keçirmələri üçün nəzərdə tutulmuş hədiyyə dəstləri təqdim olunmuşdur. Tədbir mahnı və rəqsləri, habelə mehriban təbəssümləri ilə iştirakçılara müsbət emosiyalar bəxş etmiş istedadlı uşaqların konsert proqramı ilə davam etmişdir.

Bütün yay mövsümü ərzində fəaliyyət göstərəcək klubda uşaqlar tikmə, yapma, gil üzərində yazı və digər maraqlı məşğələlərə dair ustad dərslərində iştirak etmək imkanı əldə edəcəklər.

Zərifə Əliyeva adına Dostluq Parkında yay klubunun bağlanış mərasimi avqustun 20-də rəsmi qonaqların iştirakı ilə keçiriləcəkdir.

BAKI. 18.06.2012. AzərTAc.