Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı olmuşdur

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Mayın 22-də Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

İnstitutun kollektivi dövlətimizin başçısını və xanımını hərarətli alqışlarla qarşıladılar.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev əvvəlcə binanın baş planı ilə tanış oldu.

Baş nazirin müavini Abid Şərifov məlumat verdi ki, binanın inşasına 1985-ci ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə başlanmışdır. On ilə yaxın müddətdə davam edən inşaat işləri müəyyən səbəblərə görə dayandırılmışdı. 2004-cü ildə Prezident İlham Əliyevin göstərişi ilə tikinti prosesi bərpa olunmuşdur. İnşaat işlərini Türkiyənin “Yenak” şirkəti həyata keçirmişdir.

Bir neçə korpusdan ibarət mərkəzləşdirilmiş institutun yeni binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilmişdir. Bu, bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Regionda və MDB məkanında analoqu olmayan Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının istifadəyə verilməsi ölkəmizdə oftalmologiya sahəsində mühüm hadisədir. Bu, həm də Azərbaycan oftalmologiyasını bütün dünyada tanıdan akademik Zərifə xanım Əliyevanın xatirəsinin ədəbiləşdirilməsi istiqamətində atılan mühüm addımdır.

Xəstəxananın binası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında tikilmişdir.

Ən müasir standartlara uyğun inşa edilmiş bu kompleksdə əsas bina, poliklinika, iki stasionar korpus, o cümlədən əməliyyat, reanimasiya, 85 çarpayılıq sağ və 72 çarpayılıq sol yataq blokları, cərrahiyyə bloku və bu korpusları birləşdirən üçmərtəbəli keçid bloku, aptek, yeməkxana, oftalmologiya kafedrası, müxtəlif yardımçı təsərrüfat korpusları, o cümlədən iki transformator yarımstansiyası, generator, qazanxana, nasosxana, dörd yeraltı su anbarı və avtomobil dayanacağı vardır.

İnstitutun ümumu torpaq sahəsi 5,6478 hektardır. Binaların ümumi sahəsi 13.346 kvadratmetr, servis yolunun sahəsi 17.824 kvadratmetr, piyada yolunun sahəsi 868 kvadratmetr, yaşıllığın sahəsi 20.656 kvadratmetr, avtomobil dayanacağının sahəsi isə 6.165 kvadratmetrdir.

Binada gün ərzində ambulator şəraitdə ümumilikdə 750-dək xəstəyə diaqnostik müayinə və müalicə xidmətləri göstərmək mümkündür. Binada quraşdırılmış ən müasir avadanlıq imkan verir ki, xəstələr ambulator şəraitdə əməliyyat olunsunlar və həmin gün də evə yazılsınlar. Otaqlarda və palatalarda temperatur xüsusi termostat vasitəsilə tənzimlənir. Xəstələrin tibbi heyətlə əlaqəsi üçün çağırış siqnalı və telefon danışıq sistemi quraşdırılmışdır. Kompleksdə ABŞ, Yaponiya və Almaniyadan gətirilən ən müasir avadanlıq quraşdırılmışdır.

Yeni binada həm xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərmək, həm də tibbi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bundan başqa, Cənubi Qafqaz regionunda yeganə olan elmi tədqiqat oftalmoloji müəssisədə bu sahədə tədqiqatlar aparmaq üçün də lazımi şərait yaradılmışdır.

İnstitutun 500 nəfərə yaxın işçi heyəti, o cümlədən 280 həkimi vardır.

Binanın kommunal xidmətləri, su təchizatı, müasir tipli avtomatik idarə olunan havalandırma, eləcə də videomüşahidə sistemləri kompyuter vasitəsilə həyata keçirilir.

Sonra Prezident İlham Əliyev institutun yeni binasının açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Dövlətimizin başçısı akademik Zərifə Əliyevanın binanın foyesindəki büstünə baxdı, görkəmli oftalmoloq alimin xatirəsinə yaradılmış muzey ilə tanış oldu. Muzeydə akademik Zərifə Əliyevanın vaxtilə istifadə etdiyi tibbi cihazlar, o cümlədən yarıq lampa, eynək seçmək üçün dəst, görkəmli alimin fotoşəkilləri, sənədlərinin surətləri, müəllifi olduğu və ona həsr edilmiş kitablar nümayiş olunur.

Prezident İlham Əliyev institutun şöbələrini gəzdi, cərrahiyyə blokundakı reanimasiya bölməsinə, otaqlara baxdı.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tibb ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonra dövlətimizin başçısı institutun akt zalında kollektiv qarşısında çıxış etdi.

BAKI. 22.05.2009. AzərTAc.