Prezident İlham Əliyev İsmayıllıda akademik Zərifə Əliyeva adına parkla tanış olmuşdur

Oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına parkla tanış olmuşlar.

Məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən və 1,6 hektar sahəni əhatə edən parkda inşaat işləri yüksək səviyyədə həyata keçirilmişdir. Müasir tələblərə uyğun qurulan və İsmayıllının görkəminə xüsusi yaraşıq verən Zərifə Əliyeva adına parkda sakinlərin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.

İstirahət məkanında milli üslubla müasirlik uzlaşdırılmışdır. Parkın girişində xüsusi kompozit materiallardan istifadə edilməklə hündürlüyü 12 metr, eni 31 metr olan portal inşa olunmuşdur. Portalın üstündə “Zərifə Əliyeva adına park” sözləri yazılmışdır.

Mərmər üzlüklü fəvvarənin, çarhovuzun inşa edildiyi parkın ərazisində kafe və uşaq meydançası fəaliyyət göstərir.

Əraziyə üzlük daşlar döşənmiş, istirahət ocağında geniş yaşıllaşdırma işləri aparılmışdır.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.

İSMAYILLI.29.10.2009. AzərTAc.