“Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimi keçirilmişdir

 

Aprelin 28-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “Görkəmli adamların həyatı“ seriyasından rus dilində nəşr edilmiş “Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimi keçirilmişdir.

Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmovun qələmə aldığı kitab Moskvanın “Molodaya qvardiya” nəşriyyatında 3 min tirajla çap olunmuşdur.

Təqdimat mərasimində akademik Bəkir Nəbiyev, Milli Məclisin deputatları Eldar İbrahimov, Hadi Rəcəbli və başqaları çıxış edərək Zərifə xanım Əliyevanın zəngin həyat və yaradıcılıq yolunu əks etdirən maraqlı bədii-publisistik materialların və fotoşəkillərin toplandığı kitabın bu böyük insana həsr olunan çoxsaylı qiymətli nəşrlər arasında özünəməxsus yer tutduğunu söyləmişlər.

Bildirilmişdir ki, son illər “Görkəmli adamların həyatı” seriyasından yazıçı-publisist Hüseynbala Mirələmovun “Heydər Əliyev” və “İlham Əliyev” kitabları çap olunmuşdur. Bu kitablar bir nəslin üç böyük şəxsiyyətinə müəllifin dərin ehtiramını, səmimi ziyalı duyğularını əks etdirir. Dərin və ciddi araşdırmalar, tutarlı faktlar, zamana və dövlətçiliyə dərindən bələdlik, yüksək tarixilik duyğusu və yazıçının peşəkarlığı bu kitabların hər səhifəsində aydın hiss olunur. Yazıçı-publisist H.Mirələmov dünya şöhrətli qəhrəmanlarının həyat və fəaliyyətlərinə, xalqımızın taleyindəki tarixi rollarına qlobal şəkildə yanaşa bilmiş və bu böyük insanlar haqqında yazmağın məsuliyyətini bir an belə unutmamışdır.

Natiqlər diqqətə çatdırmışlar ki, H.Mirələmovun “Zərifə Əliyeva” kitabı “Dastanın başlanğıcı” adlı   epiloqla başlanır və “Əbədiyyət dastanı”proloqla adlı tamamlanır. Bu əsər, nəcib bir Azərbaycan qadını, görkəmli oftalmoloq alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar ana – nəslin ocağının odunu qoruyan və bütün Azərbaycan üçün saxlayan böyük insan haqqında əbədiyyət dastanıdır. Yazıçı öz qəhrəmanının nurlu obrazına onun müasirlərinin xatirələri prizmasından nəzər salır.

Bu kitab ümumilikdə 16 fəsildən ibarətdir. Fəsillər “Hippokrat və oftalmologiya”, “Əvəzolunmaz insan”, “Zərifə və Heydər”, “Xatirələr... Xatirələr...”, “Məhəbbət haqqında əfsanə”, “İnsanlara bəxş olunan işıq”, “İşığın davamı” və digər maraqlı hissələrdən ibarətdir.

Kitab bədii-publisistik üslubda qələmə alınsa da, müəllifin istinad etdiyi çoxsaylı mənbələrə görə, həm də ciddi bir araşdırma, tədqiqat işi hesab oluna bilər. Bu baxımdan kitab Zərifə Əliyevanın həyat və fəaliyyətini araşdıran insanlar üçün də maraqlı olacaqdır.

Bütün iştirakçılara minnətdarlığını bildirən Hüseynbala Mirələmov demişdir ki, bu sahədə işlərini bundan sonra da davam etdirəcək və yaxın zamanlarda həmin seriyadan olan digər maraqlı kitabları ilə oxucuların görüşünə gələcəkdir.

BAKI. 28.04.2010. AzərTAc.