Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 88 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir

Aprelin 28-də Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 88 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biri olduğunu, tibb elminə böyük töhfə verdiyini vurğulamışdır. Natiq Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından, oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açmışdır. Qeyd etmişdir ki, Zərifə xanım Əliyeva uğurlu elmi axtarışlar nəticəsində oftalmologiya elminə böyük töhfələr vermiş və müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ötən əsrin 40-50-ci illərində Zərifə xanım Əliyeva respublikamızın bir çox rayonlarında yayılmış traxoma xəstəliyi ilə fədakarcasına mübarizəyə başlamış, müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparmışdır.

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, professor Elmar Qasımov, Milli Onkologiya Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Cəmil Əliyev, Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun direktoru, akademik Böyükkişi Ağayev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva Zərifə xanımın zəngin elmi irsindən, fəaliyyətindən danışmışlar. Bildirilmişdir ki, o, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Natiqlər görkəmli alimin yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf etdiyini demişlər. Çıxışlarda Zərifə xanım Əliyevanın ləyaqətli, humanist, xeyirxah, mehriban, fitri istedada malik novator alim, pak və nəcib bir insan olduğu qeyd olunmuşdur.

Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq “Vestnik oftalmologii” jurnalı redaksiya heyətinin üzvü olmuşdur.

Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

BAKI. 28.04.2011. AzərTAc.