Pakistanın “Diplomatic İnsight” jurnalında “Zərifə Əliyeva-insanlara nur bəxş etmiş mələk” sərlövhəli məqalə dərc olunmuşdur

Pakistanın nüfuzlu “Diplomatic İnsight” jurnalında tanınmış jurnalist, xanım Farhat Asifin “Zərifə Əliyeva-insanlara nur bəxş etmiş mələk” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Səfirlikdən bildirmişlər ki, məqalədə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, Zərifə xanım Əliyeva Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları ilə bir mühitdə boya-başa çatmışdır.

Yazıda vurğulanmışdır ki, Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu 1947-ci ildə əla qiymətlərlə bitirmişdir. Həmin dövrdə Azərbaycanda traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Bu infeksiya və onun ağır nəticələri ilə səmərəli mübarizə mühüm əhəmiyyət daşıyırdı. Zərifə xanım Əliyeva nursuz gözlərə işıq bəxş etmək, təbiətin gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda olmuşdur. Bu arzu ilə Zərifə xanım Əliyeva Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnmişdir.

Müəllif bildirir ki, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım Əliyeva, Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoymuş və buna nail olmuşdur.

Məqalədə, həmçinin 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Zərifə xanım Əliyevaya oftalmologiya ixtisası üzrə böyük elmi işçi adının təqdim olunması barədə də məlumat verilmişdir. Vurğulanmışdır ki, 1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dəvət olunmuşdur. İnstitut həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı.

Yazıda diqqətə çatdırılmışdır ki, 1977-ci ildə Moskvada tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülən Zərifə xanım Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq elmi tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil etmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. 1983-cü ildə isə böyük xidmətlərinə görə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Akademik Zərifə xanım Əliyevanın ömrü boyu böyük ictimai iş apardığını bildirən müəllif onun keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olduğu və Azərbaycanın əməkdar elm xadimi fəxri adını aldığı, o cümlədən bir sıra orden və medallarla təltif olunduğu vurğulanmışdır.

Məqalədə, həmçinin bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım Əliyevanın, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olduğu bildirilmiş, vətənlərinin qüruru sayılan iki övladını boya-başa çatdırdığı qeyd edilmişdir.

Yazı “Təəssüf ki, Zərifə xanım müstəqil Azərbaycanın bu gününü görə bilməmişdir. O, ömrünün 62-ci baharında - 1985-ci ildə vəfat etmiş, həyat yoldaşı - Azərbaycanın ümummilli lideri Heydər Əliyevi tək qoymuşdur” sözləri ilə yekunlaşmışdır.

BAKI. 27.04.2013 AzərTAc.