“Ana – müqəddəslik zirvəsi” müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Aprelin 28-də Azərbaycanın Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum günüdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) hər il olduğu kimi, bu il də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə bağlı respublikanın bütün şəhər və rayonlarında uşaqlar arasında “Ana – müqəddəslik zirvəsi” mövzusunda inşa müsabiqəsi keçirmişdir. Ötən illərdən fərqli olaraq builki tədbirdə inşa yazıları ilə yanaşı, uşaqların yaradıcılıq işləri nümunələrinin nümayişi və qiymətləndirilməsi də nəzərdə tutulmuşdur.

Aprelin 25-də AQUPDK-nın və Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müsabiqənin qalibləri mükafatlandırılmışlar.

Tədbirdə akademik Zərifə xanım Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılmışdır.

AQUPDK-nın sədri Hicran Hüseynova bildirmişdir ki, Zərifə Əliyeva hər şeydən əvvəl nəcib insan, qayğıkeş həkim idi. O, şərəfli ömrünü faydalı işlərə sərf etmişdir. Zərifə xanım akademik Əziz Əliyevin ailəsində tərbiyə almışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdur.

Son dərəcə humanist, mərhəmətli insan olan Zərifə xanım ailə səadətinin qoruyucusu, fədakar ana idi. O, ulu öndər Heydər Əliyev kimi dünya şöhrətli siyasətçinin ömür-gün yoldaşı olmuşdur. Zərifə xanım gecə-gündüz yorulmaq bilmədən Azərbaycanın dövlətçiliyi naminə çalışan bir insanı tükənməz sevgi və qayğı ilə əhatə edərək ona əsl dost, yaxın silahdaş və mənəvi dayaq olmuşdur. Onlar birlikdə Vətənə, soyköklərinə layiq vətənpərvər övladlar böyütmüşlər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin siyasətdə qazandığı uğurlar, gündən-günə dünyada artan nüfuzu bir ana kimi Zərifə xanımın ruhunu sevindirir.

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva demişdir ki, Zərifə xanımın həyatda ən böyük arzusu insan sağlamlığını qorumaq, xəstələrinə işıq, sevinc bəxş etmək idi. O, həmkarları ilə birlikdə ağır faciəyə səbəb olan traxoma xəstəliyinə qarşı mübarizə aparırdı. Zərifə Əliyeva ciddi elmi tədqiqatları, apardığı mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. O, gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir.

Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva çıxış edərək bildirmişlər ki, dərin intellektə, geniş dünya görüşünə sahib olan Zərifə xanım tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdır. Yüksək intellektual səviyyəsi, insanlarla səmimi, xoş münasibəti onu hamıya sevdirmişdir. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş etmişdir.

Qeyd edilmişdir ki, Zərifə xanım vəfalı, sədaqətli ömür-gün yoldaşı, humanist, alicənab bir qadın kimi hər bir azərbaycanlının yaddaşında daim yaşayır. Xalqımız qəlblərdə iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur. Bu gün onun müqəddəs ailə çırağını övladları, nəvələri yandırırlar.

Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir.

Tədbirin sonunda müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim olunmuşdur.

BAKI. 25.04.2013. AzərTAc.