Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir

Aprelin 19-da Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabana gələrək əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmışdır.

Konfransda ADHTİ-nun rektoru Nazim Qasımov qayğıkeş və mehriban ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim Zərifə xanım Əliyevanın həyatından, zəngin elmi və yaradıcılıq fəaliyyətindən söhbət açmışdır.

Qeyd etmişdir ki, ömür yolunu elmə həsr edən Zərifə xanım 200 yaxın elmi əsərin, 10 monoqrafiyanın, elm sahəsində on iki səmərəli təklifin müəllifidir.

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov alimin dünya oftalmologiya elminə verdiyi tövhələrdən konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Akademik Adilə Namazova Zəfirə xanımla əlaqədar xatirələrini bölüşmüşdür.

Daha sonra konfransda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

BAKI.19.04.2013. AzərTAc.