Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi konfrans keçirilmişdir

Aprelin 28-də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Oftalmologiyanın aktual problemləri” mövzusunda elmi konfrans keçirilmişdir.

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində keçirilən konfransda Azərbaycan tibb ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışmışdır.

Nazir bildirmişdir ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov demişdir ki, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd etmək lazımdır. O, ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərmişdir. Bu böyük praktiki iş Zərifə xanım Əliyevanın bir sıra elmi əsərlərinin əsasını yaratmışdır. Sonralar böyük alim sənaye müəssisələri işçilərində görmə üzvünün peşə zərərləri təsiri nəticəsində zədələnmələrinin öyrənilməsi ilə ciddi məşğul olmuşdur. Bu tədqiqatlar nəticəsində 1976-cı ildə Zərifə xanım Əliyevaya “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

E.Qasımov diqqətə çatdırmışdır ki, Zərifə xanım Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparmışdır. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır.

Konfransda akademik Adilə Namazova, Respublika Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək, bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən danışmışlar.

Çıxışlarda belə bir fikir vurğulanmışdır ki, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olmuşdur. Onun xidmətlərindən biri də budur ki, Azərbaycana Prezident İlham Əliyev kimi lider bəxş etmişdir.

Tədbirdə Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən videoslayd nümayiş etdirilmişdir.

Sonra bölmə iclaslarında göz xəstəlikləri üzrə diaqnostikanın yeni texnologiyaları, buynuz və tor qişalarının, görmə sinirinin patologiyaları, kataraktalı xəstələrə yüksək keyfiyyətli oftalmoloji yardımın təşkili, transplantasiya və s. kimi məsələlər müzakirə olunmuşdur.

BAKI. 28.04.2012. AzərTAc.