Akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası açılmışdır

Mayın 30-da akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilmişdir.

Prezident İlham Əliyev tibb müəssisəsinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məlumat verdi ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasıdır.

Bildirildi ki, bu səhiyyə ocağı 1921-ci ildə Naxçıvan şəhər xəstəxanasının nəzdində yaradılmış və ambulatoriya kimi fəaliyyətə başlamış, 1930-cu ildə isə mərkəzi poliklinikaya çevrilmişdir. 1972-ci ildə isə şəhər xəstəxanasından ayrılaraq Naxçıvan şəhər poliklinikası kimi fəaliyyət göstərmişdir. Poliklinika 1990-cı ildən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır.

Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olmuş, Zərifə xanım Əliyeva guşəsinin və büstünün açılış mərasimində iştirak etmişdir.

Diqqətə çatdırıldı ki, son vaxtlar bu səhiyyə ocağı tamamilə yenidən qurulmuşdur. Poliklinikanın altımərtəbəli binasında yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

Foyedə akademik Zərifə xanım Əliyevanın büstü qoyulmuş, həyat və fəaliyyətini əks etdirən maraqlı fotolar, həmçinin tanınmış insanların görkəmli oftalmoloq alim haqqında söylədikləri fikirlər yer almışdır. Zərifə xanım Əliyeva haqqında kitablar da böyük maraq doğurur.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, binanın beşinci və altıncı mərtəbələrində yeni yaradılmış stomatoloji mərkəz fəaliyyət göstərir. Burada on kabinet, əməliyyat və rentgen otaqları və protez diş laboratoriyaları vardır. Mərkəz on stomatoloji qurğu, panorom rentgen, diş rentgeni, müxtəlif avtoklav və sterilizatorlar, lazer müalicə cihazı, diş müayinəsi, cərrahi, fanton masa dəsti və digər avadanlıqla təchiz edilmişdir. Burada 12 həkim, 19 orta tibb işçisi və 20 kiçik tibb işçisi çalışır.

Binanın zirzəmi qatı ilə birlikdə beş mərtəbəsində poliklinika yerləşir. Poliklinikada iki terapiya, cərrahiyyə, rentgen, laboratoriya, ümumilikdə beş şöbə fəaliyyət göstərir. Burada oftalmoloq, nevroloji, ginekoloji, fizioterapiya, stomatoloji, kardioloji, revmatoloji, ultrasəslə müayinə, lor, travmatoloji, yoluxucu xəstəliklər, profilaktik müayinə və herontoloji kabinetləri vardır. Poliklinikanın binasında aptek, bufet, iclas zalı və tədris-təlim otaqları da yaradılmışdır.

Qeyd olundu ki, poliklinikada Naxçıvan şəhərinin 66,2 min sakininə xidmət göstərən 12 sahə terapevti fəaliyyət göstərir. Poliklinikaya laboratoriya üçün avtoanalizatorlar, rentgen, elektrokardioqrafiya, ultrasəslə müayinə aparatları, lor və cərrahiyyə üçün müayinə, binokulyar lupa, oftalmoskop və digər zəruri avadanlıq verilmişdir. Burada 37 həkim, 56 orta tibb işçisi və 31 kiçik tibb işçisi vətəndaşlara xidmət göstərir.

Tibb ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev poliklinikanın kollektivi ilə xatirə şəkli çəkdirdi.

NAXÇIVAN. 30.05.2012. AzərTAc.