DSX-nın Akademiyasında görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib

Aprelin 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə əvvəlcə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev tədbiri açaraq istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş və sevimli qadın, mehriban ana olan Zərifə Əliyevanın həyatı və fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirən, Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda oftolmologiya üzrə təhsilini davam etdirən Zərifə xanım Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftolmologiya Elmi Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın müəllifidir. Görkəmli alim məşğul olduğu elm sahəsi üzrə 12 səmərələşdirmə təklifi irəli sürmüşdür.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin şöbə müdiri, tibb elmləri namizədi Aytən Sultanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünya şöhrətli oftalmoloqun respublikamızda tibb elminin inkişafına əvəzolunmaz töhfələr verdiyini, elmi–pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsində və Azərbaycanda oftalmologiya elminin inkişafında böyük xidmətləri olduğunu vurğulamışlar.

Qeyd edilmişdir ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaqdır.

Sonda rejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyev haqqında sənədli ekran əsərləri silsiləsindən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilmişdir.

Tədbir çərçivəsində DSX-nin zabit, gizir və kursantları akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin səyyar klinikasında müayinə edilmişlər.

BAKI. 08.04.2013. AzərTAc.