AMЕA Naxçıvan bölməsində “Azərbaycan elminə şöhrət gətirən görkəmli oftalmoloq alim” mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Milli Еlmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar Elm Xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Azərbaycan elminə şöhrət gətirən görkəmli oftalmoloq alim” mövzusunda elmi konfrans keçirilmişdir.

AMEA-dan bildirmişlər ki, əvvəlcə bölmə əməkdaşları görkəmli alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif kitab, qəzet və jurnal materiallarının nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar.

Tədbirdə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev ilk qadın oftalmoloq Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən ətraflı söz açmışdır. Bildirmişdir ki, görkəmli alimin tədqiqat işləri nəinki respublikamızda, həmçinin ümumittifaq və dünya oftalmoloqları arasında böyük nüfuz qazanmışdır. Oftalmologiyanın müxtəlif problemlərinə həsr etdiyi 140-dan çox elmi əsər, o cümlədən 14 monoqrafiya, dərslik və dərs vəsaiti, 1 ixtira, 12 səmərəli təklifin müəllifi olan görkəmli alimin əsərləri bu gün də göz həkimləri üçün dəyərli mənbədir.

Sonra Bioresurslar İnstitutunun şöbə müdiri, professor Əliyar İbrahimov “Akademik Zərifə Əliyevanın həyat yolu”, AMEA-nın müxbir üzvü Tariyel Talıbov “Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti”, biologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Salayeva “Qayğıkeş ana və sədaqətli ömür-gün yoldaşı”, institutun şöbə müdiri, kənd təsərrüfatı elmləri doktoru Varis Quliyev “Akademik Zərifə Əliyeva xatirələrdə” mövzularında məruzələrlə çıxış etmişlər.

BAKI. 08.04.2013. AzərTAc.