Gözdən əlil uşaq, yeniyetmə və gənclər arasında şahmat turnirinin qalibləri mükafatlandırılmışlar

Aprelin 5-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibətilə gözdən əlil uşaq, yeniyetmə və gənclər arasında təşkil olunmuş şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

5 nömrəli respublika xüsusi internat məktəbində təşkil edilmiş tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Respublika Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatı və geniş elmi-ictimai fəaliyyətindən, respublikamızda tibb elminin inkişafına verdiyi mühüm töhfələrdən danışmışdır.

Gənclik illərindən öz mənalı və şərəfli ömrünü xalqımızın ümummilli lideri Heydər Əliyev ilə bağlayan Zərifə xanımın həyatının həmişə müasir Azərbaycan qadını üçün örnək olduğunu qeyd edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev bildirmişdir ki, görkəmli oftalmoloq alim, eyni zamanda, elm sahəsində, xüsusən tibb sahəsində çalışan qadınlarımız üçün nümunə olmuşdur.

Mərasimdə fiziki qüsurları olan uşaqlar üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyi vurğulanmış, təşkilatçılara minnətdarlıq ifadə edilmişdir.

Sonda turnirdə birinci, ikinci və üçüncü yerləri tutmuş iştirakçılar müvafiq olaraq diplom və pul mükafatları, digər iştirakçılar isə fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

BAKI. 05.04.2013. AzərTAc.