Əbədiləşən adı

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına uşaq bağçasının açılışı olmuşdur

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 15-də Bilik günü münasibətilə Bakının bir sıra qəsəbələrində təlim-tərbiyə ocaqları istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva adına uşaq bağçasının açılışında iştirak etmişdir.

Burada Azərbaycanın birinci xanımını uşaqlar gül-çiçəklə qarşıladılar.

Mehriban xanım Əliyeva bağçanın əvvəlki görkəmini əks etdirən fotoşəkillərə baxdı. O, rəmzi açılışı bildirən lenti kəsdikdən sonra bağçada akademik Zərifə xanım Əliyevanın büstünü açdı, onun önünə gül dəstələri düzdü.

Uşaq bağçasının yenidən qurulmasına bu ilin əvvəlində başlanılmışdı. Bina tam yararsız vəziyyətdə olduğundan sökülərək yenidən tikilmişdir. Ən müasir standartlara malik bağça 3 yaşdan 6 yaşadək 120 nəfər uşaq üçün nəzərdə tutulmuşdur. Foyedə ümummilli lider Heydər Əliyevin və Heydər Əliyev Fondunun uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər qoyulmuşdur.

Uşaqlar bağçada ingilis dili ilə yanaşı, bədii gimnastikanın sirlərini də öyrənəcəklər.

Mehriban xanım Əliyeva gimnastika salonunda balacaların çıxışlarını izlədi, onlarla səmimi söhbət etdi, uğurlar arzuladı.

Daha sonra Mehriban xanım bağçanın qrup, yataq otaqları, oyun zalları, hovuzu, müasir üslubda yeməkxanası ilə tanış oldu.

Böyük mərasimlər üçün nəzərdə tutulan salonda iri formatlı monitor, səs və görüntü üçün xüsusi avadanlıq qoyulmuşdur.

Binada mərkəzləşdirilmiş təhlükəsizlik və istilik sistemləri quraşdırılmışdır. Həyətyanı sahədə uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi üçün xüsusi meydança yaradılmışdır.

Mehriban xanım Əliyeva otaqların təzə avadanlıqla təchiz edilməsini, yaradılmış rahat şəraiti yüksək qiymətləndirdi.

15.09.2008. AzerTAc.