Əbədiləşən adı

Xaçmazda akademik Zərifə Əliyeva adına yeni orta məktəb istifadəyə verilmişdir

2007-ci il sentyabrın 17-də Xaçmaz şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş akademik Zərifə Əliyeva adına 8 nömrəli orta məktəbin açılışı olmuşdur. Mərasim iştirakçıları məktəblilərin təhlükəsizliyini təmin etmək üçün tikilmiş keçidə də baş çəkmişlər. Milli ornamentlərlə bəzədilmiş keçiddə divarlardakı lövhələrə ulu öndər Heydər Əliyevin təhsillə bağlı kəlamları həkk olunmuşdur.

Mərasimdə çıxış edənlər son vaxtlar ölkədə elmə, təhsilə verilən yüksək qiymətdən söz açmışlar. Bildirilmişdir ki, akademik Zərifə Əliyevanın məktəbin həyətində abidəsi ucaldılmışdır.

1176 yerlik məktəb zəruri avadanlıqla təchiz olunmuş, burada istilik və işıqlandırma sistemləri qurulmuşdur.

Dağıstanlı qonaqların da iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevin gənclərin intellektual inkişafı üçün gördüyü işləri xatırlatmış, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Lalə Abbasova təhsilə göstərilən dövlət qayğısından danışmışlar.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları yeni təhsil ocağı ilə tanış olmuş, akademik Zərifə Əliyevanın adını daşıyan muzeydə görkəmli oftalmoloq alimin keçdiyi şərəfli həyat yolunu əks etdirən fotolara baxmışlar.