Moskvada görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 85 illik yubileyi qeyd edilmişdir

Aprelin 29-da Moskvada, Rusiya Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Göz Xəstəlikləri İnsititutunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.

Tədbir Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, İ.M.Selçenov adına Moskva Tibb Akademiyası, Rusiya TEA Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu Dövlət Müəssisəsi və Rusiyanın Azərbaycan Gənclər Təşkilatı tərəfindən təşkil edilmişdir. Gecədə Rusiya tibb ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, akademik Zərifə Əliyevanın dostları və həmkarları, Rusiyada tibb təhsili alan tələbələr iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın görkəmli alimi akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını bildirməyə gələnlərin hamısına təşəkkür etmişdir. Səfir Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti barədə söhbət açmış, onun xeyirxahlıq rəmzi, adı böyük hərflərlə yazılmağa layiq ləyaqətli və parlaq ömür yaşamış xanım olduğunu vurğulamışdır. Demişdir ki, Zərifə Əliyeva öz işinin peşəkarı olan böyük alim idi. P.Bülbüloğlu demişdir: “Bu, qeyri-adi ailə idi, Zərifə xanımın ünsiyyətcil olması, onun ictimai nüfuzu respublikanın partiya rəhbəri Heydər Əliyevin obrazını tamamlayırdı. Zərifə xanım Azərbaycanın həyatında, tibbi ictimaiyyət və yaradıcı insanlar arasında böyük və məsul rol oynayan nurlu insan idi. Adamlar ona böyük hörmət və məhəbbət bəsləyirdi”. Diplomat onu da qeyd etmişdir ki, Zərifə xanım Əliyeva layiqli ömür sürmüş və indi Heydər Əliyevin siyasi xəttini ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevi tərbiyə etmişdir.

Akademikin həmkarları və elmi məsləkdaşları çıxışlarında qeyd etdilər ki, Zərifə Əliyeva elmi dairələrdə çox böyük nüfuz qazanmış görkəmli oftalmoloq alim idi, onun elmi tədqiqatları isə bir sıra hadisələri qabaqlamış, sonradan oftalmoloqlar həmin hadisələrlə praktikada üzləşmişlər. Qeyd edilmişdir ki, görkəmli alimin nəcib insani keyfiyyətləri, xeyirxahlığı və istedadı daim yaddaşlarda qalmağa və ehtirama layiqdir. Zərifə Əliyevanın dostları və məsləkdaşları onu yüksək erudisiyalı, istedadlı, həssas, son dərəcə nəcib mənəviyyatlı, daxili mədəniyyəti və xeyirxahlığı ilə seçilən bir insan kimi səciyyələndirmişlər.

Diplomdan sonrakı Təhsil Akademiyasının rektoru Larisa Maşetovanın sözlərinə görə, Zərifə xanım qadının, alimin, pedaqoqun ən yaxşı keyfiyyətlərini özündə təcəssüm etdirə bilmiş gözəl və ağayana, son dərəcə istedadlı və hormonik qadın, öz davranışı ilə birinci ledilərə nümunə idi. Qeyd edilmişdir ki, Zərifə Əliyeva Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoymuş, oftalmologiya üzrə milli kadrların hazırlanmasında çox böyük rol oynamış və bütövlükdə elmin bu sahəsinin inkişafına qiymətli töhfələr vermişdir.

Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə demişdir ki, Zərifə xanım Əliyeva Azərbaycan xalqının qəlbində dərin iz və hər iki ölkənin tibbi ictimaiyyətində özü haqqında silinməz xatirələr qoymuş parlaq nümayəndələrdən biridir. Natiq bildirmişdir ki, respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə Zərifə xanım Əliyevaya həsr edilmiş multimedia diski, internet saytı və poçt markaları hazırlamışdır.

Yeni multimedia diski və akademikin həyat və fəaliyyətindən bəhs edən internet saytı xatirə gecəsinin iştirakçılarına təqdim edilmişdir.

Azərbaycanlı tələbələr Zərifə xanım Əliyeva haqqında məruzələr oxumuş, tanınmış adamların onun haqqında xatirələrini və rəylərini sitat gətirmişlər.

Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında sənədli film nümayiş etdirilmişdir. Foyedə akademikin həyat və fəaliyyətinin əsas mərhələlərini əks etdirən fotosərgi təşkil edilmişdir. Tədbir iştirakçılarına görkəmli oftalmoloq alimə həsr edilmiş multimedia diskəri, markalar və broşürlər paylanmışdır.

BAKI. 30.04.2008. AzərTAc.