Xəbərlər

Prezident İlham Əliyev Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak etmişdir


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın büstünün açılışını etdi.

Sonra məktəbin açılışı oldu. Prezident İlham Əliyev məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotostendə baxdı.

Təhsil naziri Misir Mərdanov dövlətimizin başçısına məktəbdə tədris üçün yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq tikilib istifadəyə verilmişdir. 840 şagird yerlik məktəb müasir tədris avadanlığı, kompyuterlərlə təchiz olunmuşdur. Kompyuterlər internet şəbəkəsinə qoşulmuşdur.

Prezident İlham Əliyev müasir tipli tədris laboratoriyaları, kompyuter mərkəzinə baxdı, ingilis dili kabineti və ən müasir ədəbiyyatla təmin edilmiş kitabxana ilə tanış oldu.

İnformatika, xarici dil və riyaziyyat fənləri üzrə ixtisaslaşdırılmış məktəb IX-XI sinif şagirdlərinin təhsil almaları üçün nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış oldu. Burada şagirdlərin fiziki hazırlığı üçün bütün şərait yaradılmışdır.

Dövlətimizin başçısı akademik Zərifə xanım Əliyevanın xatirə otağına da baxdı. Burada görkəmli alimin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanmışdır.

Prezident İlham Əliyev məktəbin açıq idman meydançası ilə də tanış oldu.

BAKI. 28.04.2008. AzərTAc.