Xəbərlər

AzərTAc və Finlandiya-Azərbaycan Assosiasiyası Helsinkidə akademik Zərifə Əliyevanın 90 illik yubileyi ilə bağlı tədbir keçirmişlər


Aprelin 22-də Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Finlandiya-Azərbaycan Assosiasiyasının (FAA) birgə təşkilatçılığı ilə Helsinkinin “Caisa” mədəniyyət mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş “Qadınların cəmiyyətdə rolu” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə AzərTAc-ın Helsinkiyə ezam edilmiş əməkdaşları, Finlandiya Türk Cəmiyyətinin, Finlandiya Azərbaycan Assosiasiyasının, Finlandiya Türk Dərnəyinin nümayəndələri və bu ölkənin fəal qadınları, həmçinin digər qonaqlar iştirak etmişlər.

İştirakçılar əvvəlcə AzərTAc-ın görkəmli alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə hazırladığı videoçarxa baxmışlar.

Mərasimdə çıxış edən FAA-nın nəzdində fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Muradlı AzərTAc-la birgə təşkil edilmiş bu tədbirin əhəmiyyətindən danışmış, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu, tibb elminə verdiyi töhfələr barədə söhbət açmışdır. Bildirilmişdir ki, Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində doğulan Zərifə xanım ulu öndər Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur.

A.Muradlı akademik Zərifə Əliyevanın timsalında bütün Azərbaycan qadınlarının qazandıqları uğurlar barədə də danışmışdır. O, bu gün yüksək intellektual düşüncəyə malik, dünya görüşlü Azərbaycan xanımlarının həyatımızın müxtəlif sahələrində çalışdığını diqqətə çatdırmışdır.

Mərasimdə çıxış edən Türkiyənin xaricdə yaşayan türklərlə iş komitəsinin Finlandiyadakı təmsilçisi Mina Eray belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Türkiyə təmsilçisi bunun Azərbaycan, türk mədəniyyətinin, incəsənətinin, tarixi reallıqlarının təbliği baxımdan böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Eyni mədəniyyətə, incəsənətə, tarixə malik Azərbaycan və Türkiyə birliyinin, qardaşlığının xaricdə daha çox diqqət çəkdiyi bildirilmiş, türk qadınlarının bu gün daha böyük uğurlara imza atdığı diqqətə çatdırılmışdır.

Mərasimdə çıxış edən Finlandiya-Türkiyə Körpüsü Cəmiyyətinin idarə heyətinin üzvü Anna Liza ölkəsində yaşayan azərbaycanlılar və türklərlə dostluq münasibətindən söz açmış, xalqlarımızın tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olduğunu diqqətə çatdırmışdır. Tədbirin əhəmiyyətinə də diqqət çəkən fin xanım, ölkəsində Azərbaycanın tanınmış oftalmoloq alimi Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə bağlı tədbirin keçirilməsindən məmnunluq ifadə etmişdir.

Tədbir iştirakçıları Finlandiya Yeniyetmə və Gənclər Təşkilatının Azərbaycan haqqında hazırladığı təqdimatla və AzərTAc-ın fotolarından ibarət sərgi ilə də tanış olmuşlar. İştirakçılara ölkəmizin tarixi, mədəniyyəti haqqında kitablar, Azərbaycan və türk mətbəxinin nümunələri də təqdim edilmişdir.

HELSİNKİ. 23.04.2013. AzərTAc.