Xəbərlər

Gəncədə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd edilmişdir


Gəncədə görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin YAP şəhər təşkilatı ilə birgə təşkil etdikləri konfrans görkəmli oftalmoloq alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlanmışdır.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə Əliyevanın ölkə səhiyyəsinin inkişafı istiqamətində gördüyü işlərdən, respublikamızda geniş yayılmış bəzi xəstəliklərin qarşısını alınması ilə bağlı apardığı elmi-tədqiqat işlərinin müsbət nəticələrindən, kliniki və nəzəri oftalmologiyanın bir sıra aktual məsələlərinə həsr olunan yeni və uğurlu tədqiqatlarından danışmışdır. Bildirilmişdir ki, Zərifə xanım Əliyeva həm də ümummilli lider Heydər Əliyevə vəfalı ömür-gün yoldaşı olmuşdur.

Sonra şəhər göz xəstəxanasının baş həkimi Azər Məmmədov, həkimlərdən Sevil Allahverdiyeva, Gültəkin Əsgərova, Rəbiyyə Məmmədova, 1 nömrəli poliklinikanın baş həkimi Xalidə Sadıqova, həkim Tələt Nəbiyev, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və başqaları çıxış edərək akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı üçün apardığı tədqiqat işlərinin verdiyi bəhrələrdən danışmış, eləcə də bu sahədə qazandığı uğurlara görə bir neçə fəxri ada layiq görüldüyünü diqqətə çatdırmışlar. Bildirilmişdir ki, görkəmli alim 1981-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş, 1983-cü ildə isə SSRİ Tibb Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. “Qırmızı Əmək Bayrağı” ordeni “Əmək veteranı” medalı və Azərbaycanın “Əməkdar Elm Xadimi” fəxri adları ilə təltif olunmuşdur.

Tədbirdə Zərifə xanım Əliyevanın yalnız həkim, alim kimi deyil, digər müsbət keyfiyyətlərindən də söhbət açılmış, onun gələcək nəsillərə nümunə olacaq həyat və fəaliyyəti barədə geniş məlumat verilmişdir.

GƏNCƏ, 26.04.2013.AzərTAc.